İBADƏTİN HƏQİQƏTİ NƏDİR?


İbadət müxtəlif mə’na və əlaqələrə malik olub, genişlik baxımından bir-birindən fərqlənir:
1. İbadət, Allah qarşısında kiçilməklə icra olunan bir əməldir və zatən, Allahdan qeyrisi ilə bağlılığı yoxdur. Məsələn, namaz, oruc, həcc və s.
2. İbadət, Allaha yaxınlaşmaq məqsədi ilə icra olunan əməldir. Onun ilk ünvanı bəndələr da ola bilər. Məsələn, xüms, zəkat, cihad və s.
3. İbadət, düzgünlüyü Allaha yaxınlaşmaq məqsədindən olmasa da, Ona yaxınlaşma üçün icra olunan əməldir. Əgər insan istənilən bir halal işi Allahın razılığını qazanmaq üçün icra edərsə, bu iş ibadət hesab olunar.
4. İbadət, itaətini müstəqil şəkildə vacib bildiyin varlığa itaət etməkdir. Bu işdə pərəstiş məqsədi olmasa da, onu ibadət hesab etmək olar.
Mümkündür ki, ibadət sözünü lüğətlərə əsasən araşdırsaq, onun müxtəlif mə’naları ilə qarşılaşaq və bu mə’naların biri o birindən daha dolğun görünsün. Amma bu kitabda bizim məqsədimiz, ayrı-ayrı kəlmələrin lüğət mə’naları ətrafında geniş müzakirə açmaq deyil. İbadətin Allaha yaxınlaşma yolu olduğunu deyərkən nəqli yox, əqli dəlillərdən nəticə çıxarmışıq.
Artıq sübuta yetmiş, istifadə edə biləcəyimiz mətləblər aşağıdakılardır:
1. İnsan, öz ixtiyari hərəkəti ilə kamilliyə yetişməli olan bir mövcuddur. Onun əsl hədəfə çatması, azad və agah seçimindən asılıdır.
2. Onun ixtiyarında olan təbii və fitri qüvvələr, kamilliyə çatmaq üçün istifadə etməli olduğu vasitələrdir. Bu vasitələrin heç biri yararsız və artıq deyil.
3. İnsanın əsl hədəfi Allaha yaxınlıqdır və yaxınlığın həqiqəti Allah ilə vücudi əlaqədən ibarətdir.
4. Belə bir məqsədə doğru hərəkət, insan ruhundan baş qaldıran batini bir hərəkətdir. Bu hərəkətin maddiyyatla heç bir əlaqəsi yoxdur.
Öncə dediklərimizdən aşağıdakı nəticələri alırıq: Əvvəla, insanın kamilləşməsi, onun yalnız müsbət fəaliyyətlərindən asılıdır. Bütlərə ibadəti, zalıma itaəti tərk etmək Allaha yaxınlaşma yolu hesab olunmur. Çünki mənfini tərk etmək yaxşı iş hesab olunsa da, müsbətə bərabər deyil.
İkincisi, hər bir fəaliyyət o zaman təkamül istiqamətində yönəlir ki, son məqsədlə müsbət əlaqədə olsun.
Üçüncüsü, belə bir rabitəni bilavasitə qəlb, ruh, mə’nəviyyat dairəsində axtarmaq olar. Ona görə də, əsl ibadət azad və agah şəkildə, fitri istəyə çatmaq üçün icra olunan fəaliyyətdir.
Dördüncüsü, insanın digər fəaliyyətləri uyğun qəlb fəaliyyətinə bağlı olmaqla, təkamül yoluna yönəlməlidir. Bu istiqamətdən kənara yönəlmiş qüvvələr, əsl məqsədə müxalifdir və onların dayandırılması zəruridir. Digər bir tərəfdən, hər hansı dayandırılmış qüvvə insan üçün itkidir. Demək yeganə doğru yol, bütün qüvvələri təkamül istiqamətinə yönəldib, onlara ibadət rəngi verməkdir. Belə olsa, heç bir qüvvə hədər getməz və insanın ixtiyar dairəsi Allahın istədiyi genişliyə çatar.
Bir qrup insan bu qənaətdədir ki, təkamül insan qəlbindən Allaha istiqamətləndiyi üçün bütün həyat fəaliyyətlərindən üz döndərib, bütün insanlarla əlaqəni kəsmək və xəlvət bir guşəyə çəkilərək, ibadətə məşğul olmaq lazımdır. Bu insanlar insanlığın son məqsədini düzgün tanısalar da, bu məqsədə aparan yolu düzgün seçməmişlər. Onlar insanın bir sıra ruhi xüsusiyyətlərini nəzərdən qaçırmışlar.
Diqqət olunmalıdır ki, insanın digər varlıqlardan üstünlüyü, təkamül yolunu azad şəkildə seçə bilməsidir. İnsan üçün nəzərdə tutulmuş kamillik, yalnız ziddiyyətlər və çəkişmələr ağuşunda ərsəyə gəlir və bu məqama çatmış insan, mələkdən üstün olur. İnsanın cəmiyyətdən uzaqlaşması onun ixtiyar və mübarizə meydanını daraldır, bir çox tərəqqi yolunda qırmızı işıq yandırır.
Bunu da nəzərdən qaçırmaq olmaz ki, insanların tutumu və iste’dadı müxtəlifdir. Hər bir insan öz qüvvəsinə uyğun meydan seçməlidir. Hər quş qartal kimi zirvəyə qalxa bilməz. Hər idmançı dünya çempionu ola bilməz. Hər halda, düzgün təkamül yolu bütün qüvvələrə meydan açan tədrici inkişafdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter