Zİyarətİn fəlsəfəsİ nədİR?


Ziyarətin tərifi
Ziyarət - görüşmək, kiminsə görüşünə getmək deməkdir. Amma şiə məzhəbində ziyarət xüsusi mənada, dini şəxsiyyətlərin, dahilərin qəbirlərini görməyə getmək mənasındadır.
Ərəb dilində “zair” – ziyarət edən, “məzur” – ziyarət edilən deməkdir.

Ziyarətin təsirləri
Ziyarət, sabit qanuna tabe olan mənəvi həqiqətlərdəndir. “Ölülərin ziyarətinə getmək ölümü yada salmağa səbəb olur”; “dünyadan bezmək qəbiristanlığın ərməğanıdır” və s. kimi cümlələr bir çox hədislərdə nəql olunmuşdur.
Əzizini itirən şəxs daha çox onun məzarının kənarında təskinlik tapır, sakitləşir. Bunlar ziyarətin danılmaz təsirlərlərindəndir.
Hədislərə əsasən, İlahi övliyaların məzarı cənnətin məkanlarındandır. Yəni cənnət Allahla vüsal, rifah, hüzur və arzuların gerçəkləşdiyi məkan olduğu kimi, övliyaların məqbərəsi də ruhun səfasının və qəlbin şəfasının məkanıdır. Əhli-beytin (ə) hərəm komplekslərində ruhun təskinlik tapmasını dərk etməyən, bu ziyarətdən təsirlənməyən kəs öz rəftar və ziyarətində dəyişiklik etsin. Allahın rəsulu (s), İmam Əliyə (ə) müraciət edərək buyurdu: “Ey Əbül-Həsən! Allah, sənin və övladlarının qəbrini cənnətin məkanlarından etmişdir (İrşad əl-qülub, c. 2, səh. 373).
İmam Sadiq (ə) buyurur: “Bizim ziyarətimiz həccin əməllərindən, onu təkmil edəndir” (Bihar əl-ənvar, c.100, səh.254).
İmam Hüseynin (ə) qəbri kənarında edilən duanın qəbul olunması hədislərdə gəlmişdir. Ziyarət olunan müqəddəs məzur, zairin (ziyarət edənin) ruhuna elə bir təsir qoyur ki, onun duası asimanlara ucala bilir.
Bu təsirlər ziyarətin dərin münasibətlərindən və şəxsin məzurla rabitəsindən irəli gəlir, günahla əlaqəsi yoxdur. Savab qazanmaq məqsədilə ziyarət edən arif, qəlbi ilə rabitə yaradan aşiqdən az təsirlənir.
Aşağıdakı hədisdə İmam Hüseyn (ə) ziyarətinin onu ziyarət edənlərdə qoyduğu bir neçə təsirə işarə olunur:
Məhəmməd ibn Müslimin nəqlinə görə, İmam Bagir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: “Allah, İmam Hüseynin (ə) şəhadətinin əvəzində İmaməti onun nəslində, şəfanı türbətində, duanın qəbulunu isə onun qəbrinin kənarında qərar verdi. Həmçinin Allah ziyarət günlərini zairlərin ömürlərindən hesab etmir”.

İslamda ziyarətin yeri
İstər diri, istərsə də ölü ziyarəti İslamda bəyənilən, tövsiyə edilən, eyni zamanda müstəhəb əməllərdəndir. Bu arada Allah övliyalarının ziyarəti daha böyük əhəmiyyət kəsb edir. Ölülərin ziyarəti barəsində gələn hədislərə istinadən belə nəticəyə gəlmək olar ki, ölülərlə dirilərin ziyarəti arasında heç bir fərq yoxdur. Fərq yalnız ziyarət olunanı görüb-görməkdədir. Müsəlman məzhəbləri arasında təkcə vəhhabilər qəbirlərin ziyarətinin haram olmasına etiqadlıdırlar. Vəhhabilərdən başqa bütün müsəlman firqə və məzhəbləri ziyarətin şəriətə uyğun əməl olmasında yekdildirlər. Vəhhabilər “Səhih-Buxari” kitabında Əbu Hüreyrədən nəql olunan: “Məscid əl–həram”, “Məscid əl–Rəsul” və “Məscid əl–Əqsa”dan başqasının ziyarəti icazəli deyil” hədisinə istinad edərək, başqalarının qəbrini ziyarət etməyi haram bilmişlər.
Qeyd etmək lazımdır ki, bu hədisin sənədinin problemli olmasından əlavə, onun dəlaləti də şübhəlidir. Bu hədisdə söhbət məsciddən gedir, İmam və övliya qəbirlərindən yox. Digər tərəfdən, bu üç məscidin ziyarətinin daha yaxşı və müstəhəb olmasından bəhs olunur.
Ən yeni hənbəliçilərdən, yəni vəhhabilərdən başqa bütün firqə və məzhəblər ziyarətin şəri qanunlarla icazəli olmasında müttəfiqdirlər. Amma başqaları, əhli-sünnənin mötəbər kitablarından, İslam peyğəmbərindən (s) həzrətin özünün (s) qəbrinin ziyarətinin müstəhəb olması haqda hədislər göstərirlər:
“Kim məni ziyarət etsə, şəfaətim onun üçün vacib olar”. (Məzarat Əhli-beyt və tarixuha, səh.14);
“Kim qəbrimi ziyarət etsə, məni sağlığımda ziyarət etmiş kimidir”;
“Həcc ziyarətinə gəlib, amma məni ziyarət etməyən şəxs mənə cəfa və zülm etmişdir. (Kəşf əl-irtiyab, səh. 261).
“Məni məqsədlə və niyyətlə ziyarət edən şəxs, qiyamət günü mənim kənarımda olacaqdır” (Yenə orada).
Şiə məzhəbində hər şeydən öncə ziyarət fəsli və onun əhəmiyyəti tövsiyə olunmuşdur. Bu məzhəbdə İmamın ölümündən sonrakı ziyarəti (öz nəqlinə əsasən) onu sağlığında ziyarət etməklə bərabərdir. Ruhun baqi və qalıcı olması etiqadını qəbul etsək, xüsusilə onun hər yerdən öncə bədəninə, dəfn olunduğu yerə diqqət və əlaqəsini nəzərə alsaq, bu iddia həqiqətdən uzaq deyil.
Mərhum Ruhullah Musəvi Xomeyni buyurur: “Ruhun ölümdən sonra bədənlə əlaqəsi davamlıdır” - deyilməsi mümkündür; ona görə ki, bədən ruhun qərar və inkişafının məkanı olmuşdur...
Mən deyirəm: nəfsin (ruhun) bədənlə iki növ əlaqəsi var. Ölüm zamanı birbaşa əlaqə kəsilsə də, birbaşa olmayan əlaqə, dolayısı ilə də olsa, həmişə qalıcıdır. Bu cəhətdən, şiələr qəbirlərin ziyarətini icazəli bilirlər”.
İmamların və İmamzadələrin ziyarətinin tövsiyəsi zəminində məsum İmamlardan (ə) çoxlu hədislər nəql olunmuşdur. Həmçinin bu haqda İmam Rza (ə) buyurur: “Hər bir İmamın öz ardıcıllarının boynunda əhdi vardır və o əhdə vəfa etmək İmamların qəbirlərini ziyarətdən başqa bir şeylə tamam olmaz”. (Vəsail əş-şiə, c. 10, səh. 253)
Çevirən: Xəyal Tofiqoğlu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter