QƏLBİN BƏLALARI NƏDİR? VƏ MÜALİCƏSİ NECƏDİR?


Qəlbin dörd cür bəlası vardır: uzun arzular, paxıllıq, tələsmək, təkəbbür.
Uzun arzular.
Uzun arzular insanı bütün xeyir işlərdən saxlayar, bütün fitnə və fəsadın mənbəyi ola bilər. Müalicəsi olmayan bir dərddir ki, insanı çox sayda bəlalara düçar edər. Uzun arzulardan dörd şey əmələ gələr:
1.İtaəti tərk etmək və ibadətdə axsamaq. Hər kim İlahi əzabdan qorxarsa, qurb məqamına yaxın olar, ancaq o kəsin ki, uzun arzuları vardır - pis əməl sahibinə çevrilər.

2. Tövbəni tərk etmək. \"Hələ qabaqda vaxtım var, tövbə edərəm də” - deyib, tövbəni təxirə salmaq. \"Mən hələ cavanam, vaxtım da azdır” - deyib, məsuliyyətdən qaçırdar.

3. Sabahısı günün qəmini yemək. \"Görəsən mən sabah nə yeyəcəyəm və yeməyə bir şey tapacağammı?” Bu cür insanlar yersiz qəm çəkərlər və vaxtları da zay olar, mənasız şeylərə gedər.

4. Axirəti yaddan çıxartmaq. Ölümü və qəbri yada salmaz. Necə ki, Həzrət Peyğəmbər (s) buyurmuşdu: \"Mən sizi iki şeydən qorxuduram: uzun arzulardan və havayi-nəfsin ardınca getməkdən. Bilin ki, uzun arzular axirəti sizin yadınızdan çıxardar və havayi-nəfsin ardınca getmək sizi haqdan saxlayar”.

Çünki bu zaman bütün fikrin dünya işlərinə qarışar və qəlb daşlaşar. Bir qəlb ki, ölümdən və axirətdən qorxmur, orada necə səfa və riqqət ola bilər. Quran buyurur: \"Beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıbmı?!” (\"Hədid” 16).

İmam Əli (ə) buyurmuşdur: \"Dünya üç gündür: dünən ki, keçdi, sənin əlində ondan bir şey yoxdur. Sabahı isə bilmirsən ona çatacaqsan, yoxsa yox. Bu gün ki, sən oradasan, onu qənimət bil”.



Paxıllıq.

Paxıllıq elə bir dərddir ki, itaəti fəsada çevirər və insanı bir çox xətalara düçar edər. Həzrət Peyğəmbər (s) buyurur: \"6 qrup insan 6 şeyə görə atəşə düşərlər. Ərəb təəsübünə görə, hakimlər zülmünə görə, kəndlilər təkəbbürlərinə görə, tacirlər xəyanətlərinə görə, alimlər paxıllıqlarına görə və rəsdaq əhli cahilliklərinə görə”. Deməli nəinki cahillər, hətta alimlər də paxıllıq xəstəliyinə düçar olurlar.

Paxıllıqdan beş şey yaranar:

1. İtaətdə fəsad. Həzrət Peyğəmbər (s) buyurur: \"Paxıllıq bütün yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.

2. Günah. Necə ki, Vəhəb deyir: \"Paxılın üç əlaməti vardır: hazır olan zaman yaltaqlıq edər, olmayan zaman qeybət edər, müsibətə şad olar.”

3. Faydasız qəm.

4. Kor qəlb İlahi hökmləri dərk etməz.

5. Məhrum olanlar heç bir zaman muradlarına çatmazlar.

Paxıl necə arzusuna və muradına çata bilər ki, əsl arzusu başqalarına verilən nemətləri məhv və nabud etməkdir?!


Tələsmək.

İnsan bu xüsusiyyəti nəticəsində günaha batar və onun dörd bəlası vardır:

1. Abid insanın niyyəti xeyirdir. Məqsədinə çatmaq üçün tələsər. Əgər məqsədinə çatmazsa, ümidsiz olar. Ya da ifrat ilə təfrit arasında qalar. Hər ikisi tələsməyin nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: \"Bizim dinimiz ahəstəlik, yumşaqlıq və sülh üzərində möhkəmdir. O kəs ki, dördayaqlı kimi tələsər, nə yolu aparar və nə də dördayaqlı sağ qalar”.

2. Abid insan dua edər, duasının tez bir zamanda həyata keçməsini istəyər, ancaq yerinə yetməyəndə ümidsiz olar. Hacətindən məhrum olar.

3. Məzlum əsəbləşdiyi üçün zalıma dua edər. Müsəlman ona görə ölərsə, günaha batar.

4. İbadətin əsası təvazökarlıqdır. Əgər insan hər bir işdə tələsərsə, hər nə gəldi deyərsə, hər nə tapdı yeyərsə, haram və şübhəyə düşər. Bu zaman təvazökarlıq ölər və təvazökarsız ibadət nəyə lazımdır?



Təkəbbür.

Bu xüsusiyyət insanı həlak edər. Allah Təala buyurur: \"O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi”. (\"Bəqərə” 34).

Ondan dörd bəla əmələ gələr:

1. Haqqa, İlahi mərifətə və İlahi əhkama günah etmək. Quran buyurur: \"Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir” (\"Əraf” 146).

2. Allah-Təalaya kin bəsləmək. Quran buyurur: \"Həqiqətən O, təkəbbürlüləri sevmir.” (\"Nəhl” 23). Həzrət Musa (ə) deyir: \"Allahım! Sənin ən düşmən insanın kimlərdir?” Buyurur: \"O kəs ki, təkəbbürlüdür. Dili qəliz, əli paxıl və əxlaqı pisdir”.

3. Dünya və axirətdə sürünmək.

4. Əzab atəşi.

Bu qəlb bəlalarını bildikdən sonra, onları doğuran amilləri istisna etməklə, qəlbimizi müalicə edə bilərik. Çalışaq ki, qəlbimizi bu dörd bəladan uzaq tutaq. İnşəallah!

Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter