Hitçens: “Muhəmməd deyirdi: “Elmin dalınca Çinə belə gedin!” ən böyük sivilizasiyanın onun şüurunun ən uzaq nöqtəsində olduğunu qəbul edirdi?!


Hitçens: “Muhəmməd deyirdi: “Elmin dalınca Çinə belə gedin!” O, bunu deyərkən, özü də bilmədən, ən böyük sivilizasiyanın onun şüurunun ən uzaq nöqtəsində olduğunu qəbul edirdi”.

CAVAB: Hitçens iddia edir ki, həzrət Peyğəmbər (s) özü də bilmədən belə deyirmiş. Halbuki məsələ heç də belə deyil.

Əvvəla, qeyd edək ki,  qeyd edilən hədisin doğruuğu şübhəlidir.

Digər bir tərəfdən, Allah Rəsulundan (s) elm haqqın­da çoxlu sayda hədislər vardır və biz onların hamısına baxış keçirib nəticə almalıyıq. Həzrət Peyğəmbər (s) buyurur:

 اطلبوا العلم ولو بالسین

“Elmin Çində belə olsa, onun dalınca gedin”.

Elm, alim və alimin məqamı, əhəmiyyəti haqqında nəql edilən hədislər çoxdur.

Digər hədisdə buyrulur:

 طلب العلم فریضة علی کل مسلم و مسلمة

“Elm öyrənmək hər bir müsəlman kişi və müsəlman qadına vacibdir”.

Əgər biz şərtləri nəzərə alsaq, Peyğəmbər (s) buyu­rur ki, bütün insanlara elm öyrənmək vacibdir.

 اطلبوا العلم من المهد الی اللهد

“Beşikdən qəbrə qədər elm öyrənin”.

Qeyd edilən hədislərdə fərd baxımından bütün insanlar, zaman baxımından beşikdən qəbrə qədər, məkan baxımından isə istənilən yer nəzərdə tutulmuşdur. Bir sözlə, İslamda elmə və elm öyrənməyə təşviq edilmişdir.

Peyğəmbərin (s) buyurduğu “Elm Çində belə olsa, onun dalınca gedin” hədisində məqsəd heç də bu elmin Çində olması anlamına gəlmir. Qeyd olunan hədislərə nəzər saldıqda, aydın oldu ki, həzrət bütün insanlara elm öyrənməyi tövsiyə etmiş, məkan və zaman olaraq da bunun hər zaman mümkün olduğunu və elm öyrənməyin əsla gec olmadığını diqqətə çatdırmışdır. Bu hədisdə də məqsəd budur ki, elm Çin kimi uzaq bir yerdə olsa belə, onun dalınca gedin. Əlbəttə, burada hazırda Çinin elm və texnologiya baxımından inkişafı nəzərdə tutulmamışdır. Ateistlər digər iddialarında olduqları kimi, bu iddiala­rında da yanlışlığa yol vermişlər.

Eyni zamanda, hədisdə incə bir məqam var. Hədisin ərəbcəsində “və ləv” ifadəsi vardır, buna ərəb qram­matikasında “ləvi- imtinaiyyə” deyilir. Bu ifadə özündən sonranı inkar edir, yəni ərəblər bir işin mümkünsüzlüyünü, öz məsəllərində ifadıə etmək istəsələr, “və ləv” sözü ilə ifadə edirlər. Yəni bu iş mümkün deyildir. Quranın “Ənbiya” surəsinin 22-ci ayəsini nəzərinizə çatdırırıq:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا

 “Əgər göydə və yerdə Allahdan başqa, tanrılar olsaydı, dağılıb məhv olardılar!”

Ayədə qeyd olunur ki, Allahdan başqa məbudların olması mümkünsüzdür. Məbudların olmadığı üçün göylər və yerlər dağılmamışdır. “Ləv” ifadəsi inkarı bildirmiş və səbəb olmadığından nəticə də baş verməmişdir. Bu, eynilə, Peyğəmbərin (s) sözügedən hədisindəki kimidir. Yəni İslami elmlərin Çində olması qeyri-mümkündür, əgər orda belə olsa, onun ardınca gedin. Həqiqətdə, məsafənin uzaqlığının belə elmin öyrənilməsinə maneə olmadığı vurğulanmışdır.

Buradan da aydın olur ki, Hitçensin bu iddiası, ərəb dilini bilmədikləri üçün irəli sürülmüşdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter