Tanınmış səhabə Səd ibn Məaz hansı rəftarına görə Hz Peyğəmbər (s) tərəfindən qəbir əzabı olacağı buyuruldu?!


Səd ibn Məaz Peyğəmbərin (s) çox yaxın köməkçilərindən idi. Onun imanı elə bir həddə idi ki, Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın (Allahın) ərşi sənin ölümündən titrəyəcək və Bəni-Kəlb tayfası heyvanlarının tüklərinin sayı qədər insan sənin şəfaətinlə behiştə girəcək».

Səd Ühüd döyüşündə yaralandı və evdə yatırdı. Ancaq bədənindəki yaralar sağalmadığı üçün dünyadan getdi. Sədi axirətə yola salan zaman Rəsulullah (s) başı açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi. Namazdan sonra Rəsulullah (s) onu qəbrin ortasına qoyaraq üstünü şəxsən özü torpaqla örtdü və o qəbri kamil şəkildə saf (düz) və təmiz etdi. Sonra qəbri düzəltməkdə bu qədər diqqətə görə etiraz edənlərin cavabında buyurdu: «Bilirəm ki, Sədin bədəni çürüyəcək və torpağa qarışacaq. Lakin Allah çox istəyir ki, bəndəsi bir iş görəndə onu yaxşı və kamil şəkildə yerinə yetirsin».


Sədin anası oğlunun qəbrinin yanına gəldi və dedi: «Ey Səd, behişt sənə müjdə olsun!»
Peyğəmbər (s) Sədin anasına buyurdu: «Allahın işləri barəsində qəti fikir söyləmə. Səd üçün qəbir sıxıntısı (əzabı) olacaq».


Qayıdan zaman səhabələr Peyğəmbərin (s) üç suala cavab verməsini istəyib dedilər:
Ey Allahın Rəsulu! Siz heç kimin cənazəsinə bu qədər ehtiram göstərib müşayiət etməyibsiniz. Sədin cənazəsini isə başı və ayağı açıq müşayiət etdiniz.
Bəzən tabutun sağ və bəzən də sol tərəfindən götürürdünüz.


Cəsədin qüslünə nəzarət edib, namaz qıldınız və şəxsən özünüz qəbrə qoydunuz, qəbri kamil şəkildə torpaqla örtdünüz. Lakin sonradan onun anasına belə buyurdunuz: «Səd üçün qəbir sıxıntısı olacaq (bizim üçün aydınlaşdır ki, niyə belə buyurdunuz?)».


Peyğəmbər (s) birinci sual barəsində buyurdu: «Cənazəni müşayiət edəndə mələkləri başı açıq, ayaqyalın görüb onlar kimi etdim».
İkinci sualın cavabında buyurdu: «Əlim Cəbrayılın (ə) əlinin içində idi. Əlimi hara hərəkət etdirsəydi, mən də itaət edərdim». Üçüncü sualın cavabında buyurdu: «Bəli, onun üçün qəbir əzabı vardır. Çünki evindəkilərlə (və həyat yoldaşı ilə) pis rəftar edərdi».


Beləliklə görürük ki, Səd bu cür məqama malik olmasına baxmayaraq, onun evdəki azacıq bədrəftarlığı ağır cəzalanmasına səbəb olur.

Mənbə: \"İslamda qəhrəman qadınlar\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter