Nə üçün həzrət Əli (əleyhis-salam) Fatimeyi-Zəhra (əleyha salam)-a qarşı törədilən hörmətsizlik və ihanət qarşısında sükut etdi?


Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yaxın adamlarından bir qrupu Səqifədə çıxarılan qərara etiraz olaraq Əli (əleyhis-salam)-ın evində bir yerə yığışmışdırlar. Onlar Əbu Bəkrlə beyət etmək istəmirdilər. Ömər, Əbu Bəkrin tərəfindən fərman almışdı ki, bu şəxslərdən, xüsusilə Əli (əleyhis-salam)-dan beyət alsın. Tarixi mənbələrdə qeyd olunanlara əsasən, Əbu Bəkrin və Ömərin qərarının icrasında çox ağır və kədərli hadisələr baş verdi, onlar barəsində dəqiq və ətraflı məlumat almaq üçün mötəbər mənbələrə müraciət edə bilərsiniz.[1]

 

Sünnü mənbələrində də qeyd olunan müxtəlif mötəbər tarixi nəqllərə diqqət yetirməklə məlum olur ki, bu hadisənin baş verməsi qəti bir məsələ imiş.[2]

 

Amma Əli (əleyhis-salam)-ın bu qədər şücaətli bir pəhləvan olması ilə belə faciəli əməllərin qarşında nə üçün sükut edərək qılınc çəkməməsinə gəldikdə isə, demək lazımdır ki:

 

Əli (əleyhis-salam) iki yol ayrıcında qərar tutmuşdu: ya özünün həqiqi, vəfadar köməkçiləri və hazırkı hökuməti qanuni bir hökumət hesab etməyən şəxslərlə birlikdə qiyam edərək güc işlətməli, qəsb olunmuş xilafəti və hökuməti onlardan geri almalı idi, ya da yaranan hazırkı vəziyyətə dözməli, müsəlmanların çətinliklərini imkanı çatan qədər həll etməli və öz vəzifəsini əncam vermək barədə tədbir görməli idi.

 

İlahi rəhbərlər qüdrət və məqamı özləri üçün hədəf hesab etmir, əksinə ali-ilahi hədəfləri öz mövqeyinin qorunmasından daha yüksək bir məqam hesab edirlər. Əli (əleyhis-salam) da islam cəmiyyətinin ictimai-siyasi vəziyyətini araşdırıb dəyərləndirməklə bu qənaətə çatdı ki, əgər öz haqqını almağa və Fatimə (əleyha salam)-a rəva görülən zülm və haqsızlıq qarşısında müqavimətə israr etsə, elə bir vəziyyət yaranacaq ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in 23 illik zəhmətləri, şəhidlərin pak qanları hədərə gedəcəkdir. Buna görə də mövcud şəraiti qəbul etməyə üstünlük verdi və bu yolla islam dinini müdafiə etməyə başladı.[3]

 

Əgər Həzrət Əli (əleyhis-salam) özünün şücaət və pəhləvanlığını nümayiş etdirərək silah götürüb qiyam etsəydi və hakim quruluşla mübarizəyə qalxsaydı, şübhəsiz, özlərini xəlifə hesab edənlər sakit oturmayacaqdılar. Nəticədə İslam cəmiyyətində daxili müharibə başlanacaq, xoşagəlməz hadisələr baş verəcəkdi. Misal üçün:

 

1. Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə bağlanan əhd-peymanlarında sabit qalan və Əli (əleyhis-salam)-ı cani-dildən sevənlərin çoxunu əldən verəcəkdi;

 

2. İslam ümməti arasında kəskin təfriqə yaracaq, səhabələrdən bir çoxu, habelə islam düşmənləri qarşısında böyük qüdrət sayılan insanlar aradan gedib tələf olacaq, yaxud ittihadın aradan getməsi ilə islam cəmiyyəti zəifləyəcəkdi;

 

3. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şərif ömrünün axır illərində müsəlman olan şəxslərin çoxu o həzrətin vəfatından sonra mürtəd olaraq islam hökumətinin müqabilində ciddi əks mövqe seçmişdilər. Belə bir böhranlı şəraitdə həzrət Əli (əleyhis-salam) müxalifət bayrağı qaldırsaydı, islam cəmiyyəti ciddi təhlükələrlə qarşılaşacaqdı;

 

4. Müsəyləmə, Səccah və s. nübüvvət iddiaçılarının təhlükəsinin nəzərdən qaçılmaq olmazdı. İxtilaf yaranacağı surətdə onların islamın köksünə sağalmaz, bərpaedilməz zərbələr vurmaları gözlənilirdi;

 

5. Münasib fürsətdə islam ölkəsinin sərhədlərinə və mərkəzinə hücum edərək islam cəmiyyətini məhv etmək fikrində olan romalılarının təhlükəsi də mövcud idi. Belə bir vəziyyətdə əgər Əli (əleyhis-salam) qiyam etsəydi, şübhəsiz, müsəlmanların cəbhəsində zəiflik yaranar və islam müxalifləri öz hədəflərinə daha tez nail ola bilərdilər.

 

Qeyd olunanlar elə amillərin xülasəsi idi ki, imam Əli (əleyhis-salam) bunlara görə səbir etməyi qiyam etməkdən irəli keçirtdi və özünün bu ağıllı tədbiri ilə islam cəmiyyətini böyük təhlükələrdən xilas etdi. O həzrətin bu qərarı islamın əslinin qorunub saxlanmasından, müsəlmanların ittihadından və öz vəzifəsini əncam verməkdən başqa bir şey deyildi.[4]

 

İmam Əli (əleyhis-salam)-ın qəm-qüssə və kədərlə donu olan bəyanlarında özünün sükut səbəbini bəyan etmiş və “Şiqşiqiyyə” xütbəsində buyurmuşdur:[5]

 

“Mən fikirləşirdim ki, görəsən tək-tənha ayağa qalxıb qiyam edim (özümün və camaatın haqqını alım), yoxsa yaranan zülməti, irticaçı mühitə səbir edim?! Elə bir mühit ki, qocaları (daha da) qocaldıb əldən salar, cavanları qocaldar və imanlı insanları həyatlarının sonuna qədər əzab-əziyyətə salardı. Axırda gördüm ki, səbir etmək əqlə daha yaxındır, buna görə də səbri özümə peşə etdim. Lakin mən gözlərində tikan, boğazında sümük qalan bir şəxsə oxşayıram. Öz gözümlə görürdüm ki, mirasımı qarət edirlər...”[6]

 

"Nəhcul-bəlağə"nin başqa yerində belə qeyd olunur: Səqifə günlərində Əli (əleyhis-salam)-ın yaxın qohumlarından biri həzrətin fəzilətlərini sadalayaraq ondan uzaqlaşdıqlarına görə camaatı tənqid atəşinə tutdu, həzrət onun cavabında buyurdu: “Dinin sağlam qalması (ixtilafdan və ikitirəlikdən uzaq olması) bizim üçün hər bir şeydən daha yaxşıdır.”[7]

 

Bu kəlam göstərir ki, Əli (əleyhis-salam)-ı sükuta vadar edən məsələ baş verən hadisələrdən daha dəyərli bir məsələ imiş – o da yenicə qurulmuş islam cəmiyyətinin sütunlarının qorunub saxlanması idi. Belə ki, həzrət Əli (əleyhis-salam) hətta özünü, həyat yoldaşını və övladlarını belə bu yolda fəda etmişdi.

 

Əli (əleyhis-salam)-ın sükutunun səbəbini bəyan edən daha aydın bəyanlar "Nəhcul-bəlağə”də gələn aşağıdakı ifadədir:

 

“Məni nigaran edib təəccübə salan şey yalnız camaatın hər tərəfdən filankəsə hücum edib onunla beyət etməsi idi. Mən əlimi geri çəkdim, axırda gördüm ki, bir qrup öz dinlərində qalmadı və islamdan üz çevirdilər, camaatı Muhəmmədin dinini məhv etməyə çağırdılar. Qorxdum ki, əgər islama və müsəlmanlara kömək etməsəm, onda dağıdıcı (və bərpa olunmaz) bir xəsarət görərəm. Belə ki, onun müsibəti mənim xilafətdən məhrum olmağımdan; və sizin bir neçə günlük ilğım kimi gizlənən, bir yerə yığılmamış dağılışan bulud kimi olan hökumətinizə səbir etməkdən daha ağırdır. Mən də belə bir iğtişaş və qovğa arasında ayağa qalxdım, nəhayət sizin cəmiyyətiniz batil oldu, özünüz də məhv oldunuz, din isə öz yerində sabit qaldı.”[8]

 

 


[1] “Tarix”, Təbəri, 3-cü cild, səh. 202, “Dairətul-məarif” çapı. Təbərinin ifadəsi belədir:

 

اَتَی عُمَرُ بْنُ الْخَطَّابِ مَنْزِلَ عَلِیٍّ (ع) فَقَالَ: لَاُحْرِقَنَّ عَلَیْکُمَ اَوْ لَتَخْرُجُنَّ اِلَی الْبَیْعَةِ

 

“Ömər ibni Xəttab Əlinin mənzilinə gəlib dedi: “Beyətə gəlməsəniz mütləq evi (siz qarışıq) yandıracağam.”

 

İbni Əbil-Hədid də "Nəhcul-bəlağə"yə yazdığı şərhində (2-ci cild, səh. 56) bu cümləni Cövhərinin “Səqifə” kitabından nəql etmişdir; “Əl-imamətu vəs-siyasət”, 2-ci cild, səh. 12; "Nəhcul-bəlağə"nin şərhi, İbni Əbil-Hədid, 1-ci cild, səh. 134; “Əlamun-nisa”, 3-cü cild, səh. 1205; İbnu Əbdi Rəbbih Andulusinin (495-ci hicri ilində vəfat etmişdir) ifadəsi belədir:

 

بَعَثَ اِلَیْهِمْ اَبُو بَکْرٍ عُمَرَ بْنَ الْخَطَّابِ لِیُخْرِجَهُمْ مِنْ بَیْتِ فَاطِمَةَ وَ قَالَ لَهُ اِنْ اَبَوْا فَقَاتِلْهُمْ. فَاَقْبَلَ بِقَبَسٍ مِنَ النَّارِ عَلَی اَنْ یَضْرِمَ عَلَیْهِمُ الدَّارَ. فَلَقِیَتْهُ فَاطِمَةُ فَقَالَتْ‏ یَابْنَ الْخَطَّابِ اَجِئْتَ لِتُحْرِقَ دَارَنَا؟! قَالَ:نَعَمْ اَوْ تَدْخُلُوا فِیمَا دَخَلَتْ فِیهِ الْاُمَّةُ

 

“Əbu Bəkr, Ömər ibni Xəttabı göndərdi ki, onları Fatimənin evindən çıxartsın. Özü də ona dedi: “Əgər imtina etsələr, onlarla vuruş!” Ömər od parçası gətirib evi yandırmaq istədi, amma (qapının ağzında) Fatimə ilə qarşılaşdı. Fatimə dedi: “Ey Xəttabın oğlu! Evimizi yandırmağa gəlmişsən!?” Dedi: “Bəli! (Ya evi yandıracağam) ya da gərək ümmətin daxil olduğu məsələyə (Əbu Bəkrlə beyətə) daxil olasınız!”

 

“Əqdul-fərid”, 4-cü cild, səh. 260; “Tarix”, Əbil-Fida, 1-ci cild, səh. 156; “Əlamun-nisa”, 3-cü cild, səh. 1207, “İsbatul-vəsiyyət”, Məsudi, səh. 124. Oradakı ibarə belədir:

 

فَهَجَمُوا عَلَیْهِ وَاَحْرَقُوا بَابَهُ وَ اسْتَخْرَجَهُ مِنْهُ کُرْهًا وَ ضَغَطُوا سَیِّدَةَ النِّسَاءِ بِالْبَابِ حَتَّی اَسْقَطَتْ مُحْسِنًا

 

“Onlar hücum edib evin qapısına od vurdular, (beyətə) ikrahlı olduğu halda onu (Əlini) evdən çıxartdılar, aləm qadınlarının seyyidəsini (Fatiməni) qapı ilə divar arasında doyub sıxdılar, nəticədə Möhsün adlı uşağı (bətnindən) siqt olundu.”

 

“Möhnətu Fatimə”, səh. 60; “Miləl və nihəl”, 2-ci cild, səh. 95; “Təlxisuş-Şafi”, 3-cü cild, səh. 76; “Furuği vilayət” (“Vilayət günəşi”), səh. 186

[2] Əlavə məlumat üçün bax: 1. Seyid Cavad Hüseyni Təbatəbai, “Şəhadət əfsanəsinə cavab”; 2. “Dini suallara cavab” saytı; “Bəlağ” saytı

[3] Məhdi Pişvayi, “Sireyi pişvayan”, səh. 65

[4] Yenə orada, səh. 71

[5] "Nəhcul-bəlağə", 3-cu xütbə

[6] "Nəhcul-bəlağə", Sübhi Saleh, 3-cü xütbə – “Şiqşiqiyyə” xütbəsi

[7] "Nəhcul-bəlağə”nin şərhi, 6-cı cild, səh. 23-45

[8] "Nəhcul-bəlağə", Şəhidinin tərcüməsi, səh. 347; Əli (əleyhis-salam)-ın Misir əhalisinə məktubu. 62-ci nömrə


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter