Həzrət İsa (ə) İlahi məqama yaxınlaşmaq üçün Həvarilərinə hansı tapşırığı verir?!


 Nəfsin istəkləri ilə mübarizə: = Həzrət İsa (ə) öz şagirdlərinə buyurur: «Nə qədər ki, meyl və şəhvətinizə «yox» deməmisiniz ilahi məqama çata bilməyəcəksiniz».

     Maddi və mənəvi nemətlərə çatmaq üçün müəyyən vasitələrə ehtiyac vardır. Bu vasitələr iki cürdür: zəruri və tərk ediləsi. Bəzən bu məqsədə çatmaq üçün bəzi zəruri işlər görmək lazım gəlir. Məsələn, aclığı aradan qaldırmaq üçün yemək və qab-qacağa ehtiyac vardır. Alim olmaq istəyən cahil dərs oxumaq üçün ləvazimatlar əldə etməlidir. Amma bəzən elə olur ki, məqsədə çatmaq istəyən adam birinci dərəcəli vasitələrə üstünlük verir. Məsələn, mənəvi kamilliyə çatmaq istəyən adam haramdan çəkinməzdən əvvəl vaciblərə əməl etməyə başlayır.

   

    Qeyri-maddi hədəfə malik olan din, məzhəb və sektalarda təkamül üçün müxtəlif proqramlar nəzərdə tutulur. Əksəriyyəti özünü arif hesab edən buddistlər riyazət kimi çətin bir işlə məşğul olduqları halda elementar qadağalara məhəl qoymurlar. Ali məqsədə çatmaq üçün vacib əmrlərə itatlə yanaşı, haram işləri də tərk etmək lazımdır. Məsələn, xəstə dərman qəbul edib bəzi xörəklərdən imtina etməklə sağala bilər. Mənəviyyatda da belədir. Bu hal İslam cəmiyyətlərində də müşahidə olunur. Gecə gündüz ibadət edib, eyni zamanda günaha da yol verən insan deşik vedrə ilə su daşıyana bənzəyir.

 

   Yəni əzab-əziyyətlə uzun yol gəlib mənzilə çatanda baxır ki, vedrə boşdur. Ali məqam arzusunda olan adam vacibə əməl, haramdan çəkinmə, müstəhəbbə bağlılıq və məkruhdan uzaqlıq mərtəbələrini keçməlidir. Kamillik eşqində olan adam nəfsi ilə mübarizə aparmalıdır. O öz hərəkətlərində nə ifrat, nə də təfritə yol verməməlidir. Kamillik yolunda düşmən təkcə nəfs deyildir. Bəziləri nəfsi yeganə düşmən bilib bütün güclərini ona qarşı səfərbər edirlər. Onlar unudurlar ki, ağına-bozuna baxmadan nəfsin ağzından vurmaq insan psixologiyasında elə fəsadlar yarada bilər ki, vacib əməllər də əldən çıxar. Həzrət İsa (ə) öz şagirdlərinə buyurur: «Nə qədər ki, meyl və şəhvətinizə «yox» deməmisiniz ilahi məqama çata bilməyəcəksiniz».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter