Qurani Kərimdə yalan danışmağın pisliyi və mənfi təsirləri haqqında nələr buyurulur?!


«Quran» baxımından yalan -   «Qurani-Məcid»də yalan və hiylə Allaha şərikqoşma sırasında vurğulanmışdır:  "... Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” («Həcc» - 30). 

- Yalançının imanı yoxdur !   «Qurani-Məcid»də yalançılar mömin hesab olunmur. Onlar Allah ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir:

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” («Nəhl» - 105).

 

- Yalan əxlaqsızlıq və mənəvi pozğunçuluqdur:  Başqa bir yerdə Allah-təala yalanı əxlaqsızlıq və mənəvi pozğunluq kimi qiymətləndirərək buyurur:

"Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz.” («Bəqərə» - 197).

 

Allahın hidayətindən məhrum olmaq

Allah-təala «Qurani-Məcid»də buyurur:  "Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! («Zümər» - 3).

"Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.” («Əl-mömin» - 28). 

Yalançı Allahın rəhmətindən uzaqdır 

«Mübahilə» (biri-birinə qarğış etmək) ayəsində və lənətləməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. «Mübahilə» ayəsində buyurulur:

"... Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”. 

Lənətləmək ayəsində buyurur:  "..... Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” («Nur» - 7). 

Bu ayələrin ümumiliyə aid olmayıb yalanın xüsusi bölmələri haqda nazil olmasına baxmayaraq, qısaca da olsa, yalançıların aqibətinin Allahın lənət və tənəsi ilə bitəcəyinə işarə edir.

İndi isə yalançının vəhy dilində Allahın lənət və xalqın tənəsinə məruz qalmasına diqqət yetirməklə, lənətin xüsusiyyətlərini və ona aid olan məsələləri qısaca izah etmək məqsədəuyğun və münasib olardı. Ola bilsin ki, bu izah öz dillərini islah etməkdə daha çox çalışmaları üçün möminlərin ayılmasına səbəb olsun.

 

Hədislər baxımından yalan 

Yalanın tənqid olunması haqda bir neçə ayə qeyd etdikdən sonra bəzi hədisləri araşdıraq. 

Yalan Allaha şərikqoşma sırasında -  Əziz İslam Peyğəmbəri(s) buyurmuşdur: "Sizi günahların ən böyüyündən xəbərdar edimmi? Günahların ən böyüyü Allaha şərik qoşmaq, ata-anaya qarşı bədrəftar olmaq və yalan danışmaqdır.”

 

Yalan günahların açarıdır -  Həzrəti-İmam Həsən Əsgəri(ə) buyurdu: "Bütün qəbih əməllər bir evə sığışmışdır. O evin açarı yalandır.” 

 "Allah-təala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan daha pisdir.”

Yalan imanın məhv olmasına səbəbdir -  İmam Baqir(ə) buyurur: "Həqiqətən, yalan imanı məhv edir.”

Yalan və üzüqara olmaq - Peyğəmbər(s)- buyurmuşdur: "Yalan insanın üzünü qara edir.”

 

Yalan imanla bir yerə sığmır -  İmam Rza(ə) nəql edir ki, Peyğəmbər(s)-dən soruşdular: 

-İmanlı adam qorxaq olarmı?   Buyurdu:   -Bəli.    -İmanlı adam simic olarmı?   -Bəli. 

- Bəs yalançı necə, imanlı adam yalançı olarmı? -Xeyr./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter