İnsanlar hansı niyyətlə Allaha bəndəlik edirlər və hansı növü daha yaxşıdır?!


Bildiyiniz kimi, bəndəlik edən insanlar üç qismə bölünür:

1. Qullar; bu qisim bəndələr cəza qorxusundan ibadət edirlər. Yəni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar ibadət etməzdilər. Bu qisim insanların ibadətinə qulların ibadəti deyilir.

 

2. Tacirlərin ibadəti; bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərin müqabilində behişti alırlar. Bu qisim insanların ibadəti "tacirlərin ibadəti” adlanır.

Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisim insanlar tərif olunasıdır. Quran da uyğun yol və məqsədlərdən istifadə edir.  "Ağacları altından çaylar axan behiştlər.”; "Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”; "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını satın almışdır.”; "Həqiqətən, cəhənnəm pusqudadır.”; "Sizi cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: Biz namaz qılanlardan deyildik.”; "Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir.”  İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur.

 

3. Azadların ibadəti; bu qisim bəndələr yalnız və yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, behişt və cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Bu qisim insanların ibadətinə azadların ibadəti deyilir. Əgər insan həqiqəti anlayarsa, nemət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın ona həyat, vücud, hidayət və sair nemətlərdə haqqı olduğunu anlayar. Bu isə insanın Allah qarşısında ibadət etməsinə kifayətdir.

 

Məhəbbət və ya təşəkkür bildirməklə qılınan iki rəkət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rəkət namazdan üstündür. Sevdiyi qarşısında təvazökarlıq edən şəxsin mükafat umması məhəbbət şərtlərindəndir. Əlbəttə məhəbbətin sonsuz mərtəbələri var. Allahdan onun hər gün artmasını istəyək.

"İlahi və əlhimni vələhət bi zikrikə ila zikrikə və himməti fi rəvhi nəcahi əsmaikə və məhəlli qudsikə”

"İlahi, mənə öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et. Mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver.”

Minacatın əvvəlki hissəsində sanki belə bir sual yaranır: İlahi, indi anladım ki, nemət verən qarşısında təşəkkür etməliyəm, Sənin vilayət və məhəbbət əhlinin arasında olmalıyam. Məhəbbətimin daim artması üçün nə etməliyəm?

Bu hissədə qarşıya çıxan sualın cavabı verilir: Allahı daha çox yad etməyə çalışın. Psixologiya və təcrübə elminə əsasən insan nə haqqında çox düşünsə onun məhəbbəti qəlbində artar. Demək, məhəbbətin artması üçün Allahı yad etmək lazımdır.

 

Kitabın adı: Münacatın əzəməti/  Müəllif: Mishab Yəzdi

 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter