Qurani-Kərim barəsində suallar


Sual: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?
Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə \"Bismillah”-ı ilə dörd ayəsi olan \"Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan \"Bəqərə” surəsidir.

Sual: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır?
Cavab: Birinci nazil olan ayə \"Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə \"Maidə” surəsinin 3-cü ayəsidir.

Sual: 1-Quranın ən əzəmətli ayəsi hansıdır?
Cavab: Quranın ən əzəmətli ayəsi \"Bismillahir-rəhmanir-rəhim”dir.

Sual: Quranın ən ali ayəsi hansıdır?
Cavab: Quranın ən ali ayəsi \"Ayətəl-Kürsi”dir.

Sual: Həzrət Muhəmməd (s.ə.v.v)-in \"bu surə məni qocaltdı!” – deyə buyurduğu surələr hansıdır?
Cavab: Həzrəti Muhəmməd peyğəmbərin \"bu surə məni qocaltdı” dediyi surələr \"Hud”, \"Vaqiə”, \"Mursəlat” və \"Nəbə” surələridir.

Sual: Peyğəmbərin \"Bu ayə məni qocaltdı!” – deyə buyurduğu ayə hansıdır?
Cavab: Bu, \"Hud” surəsinin 112-ci ayəsidir.

Sual: 8-Quranın ən uzun ayəsi hansıdır?
Cavab: Quranın ən uzun ayəsi \"Bəqərə” surəsinin 282-ci ayəsidir.

Sual: Allah taalanın hansı adı Quranın surələri qədər (114 dəfə) bu ilahi kitabda istifadə olunub?
Cavab: Allah taalanın \"Rəhim” adı Qurani-Kərimdə 114 dəfə təkrar olunub.

Sual: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?
Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Sual: Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?
Cavab: Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.

Sual: Allah tərəfindən yer üzünə neçə kitab gəlib?
Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-kərim nazil olmuşdur.

Sual: Neçə peyğəmbərin adı Quranda çəkilib?
Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18 dəfə, Nuh–43 dəfə, İdris–2 dəfə, Hud–10 dəfə, Saleh–9 dəfə, İbrahim–69 dəfə, Lut–27 dəfə, İsmail–11 dəfə, Əlyəsə–2 dəfə, Zul-kəfl–2 dəfə, İlyas–2 dəfə, Yunis–4 dəfə, İshaq–17 dəfə, Yəqub–16 dəfə, Yusif–27 dəfə, Şüəyb–11 dəfə, Musa–163 dəfə, Harun–20 dəfə, Davud–16 dəfə, Süleyman–17 dəfə, Əyyub–4 dəfə, Zəkəriyya–7 dəfə, Yəhya–5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa–26 dəfə və Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri \"ulul-əzm”, yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm)-dir.

Sual: Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?
Cavab: \"Hud”, \"Yusif”, \"Yunis”, \"İbrahim”, \"Loğman”, \"Nuh”, \"Muhəmməd” surələridir.

Sual: Hansı surələr heyvanların adı ilə adlanıb?
Cavab: \"İnək” (Bəqərə), \"Qarışqa” (Nəml), \"Hörümçək” (Ənkəbut), \"Fil” \"Arı” (Nəhl) surələridir.

Sual: Hansı surələr qiyamətin adı ilə adlanıb?
Cavab: \"Rəd”, \"Həşr”, \"Casiyə”, \"Vaqiə”, \"Qiyamət”, \"Təğabun”, \"Nəbə”, \"Qariə” və \"Zilzal” surələridir.

Sual: Hansı surələrdə vacib səcdələr var?
Cavab: Quranın dörd Surəsində vacib səcdə vardır: 1-”Ən-nəcm” (53-cü Surə); 2-”İqrə” (96-cı Surə); 3-”Əlif-Lam-Mim Tənzil” (32-ci Surə); 4-”Ha-Mim Səcdə” (41-ci Surə). Bu surələr əzaim adı ilə məhşurdur.
Sual: Quran Peyğəmbərə neçə dəfə nazil olub?
Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə (\"Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən (\"Əsra” surəsinin 106-cı ayəsinə görə).

Sual: Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?
Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır:
1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır.
2- Ağzın paklığı (dişləri fırçalamaq);
3- İxlas üzündən və Allaha görə oxumaq;
4- Qurandan qabaq məxsus duaları oxumaq;
5- \"Nəhl” surəsinin 98-ci ayəsində buyurulan \"əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək.
6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur.
7- Gözəl səs ilə oxumaq;
8- Ərəb ləhcəsi ilə oxumaq;
9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır.
10- Mənasına diqqət etmək;
11- Ahəstə və yavaş-yavaş oxumaq;
12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək;
13- Səcdə ayələrinə çatanda səcdə etmək;
14- Quranı xətm etmək (qurtarmaq);
15- Quranı əzbərləmək;
16- Quranı münasib yerdə saxlamaq;
17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək;
18- Quran oxunduğundan sonra \"sədəqəllahül-əliyyul-əzim” demək
19- Quran oxunduqdan sonra dua oxumaq.

Sual: Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?
Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter