NAMAZ NECƏ ZAY OLUR?


Namazı sürətlə və narahat qılmaq onu zay edən amillərdəndir. Allah Təala Qurani-Kərimin \"Məryəm” surəsində peyğəmbərlərin (ə) silsilələrini bəyan etdikdən sonra onları tərifləmişdir. Onlar göz yaşları içində başlarını torpağa qoyur və Allah qarşısındakı bəndəliklərini təvazökarcasına etiraf edirlər.

Sonra buyurur: \"Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər”. (\"Məryəm” 59).

Bu azgın insanların iki xüsusiyyəti bəyan edilmişdir. Onlardan biri - namazı zay etmək və o birisi isə nəfsani istəklərinə tabe olmaqdır.

Namaz insanı günahdan saxlayar, ancaq o zaman ki, namaz zay olur, bu zaman həmin azğın insanlar nəfsani istəklərinin ardınca gedirlər. Onları bu əxlaqsızlıqlardan saxlayan başqa bir amil yoxdur.

İnsan nəslini sağlam şəkildə o biri nəslə təhvil verməsi üçün daima Allahla rabitədə olmalıdır. Ancaq bu rabitə kifayət səviyyədəolmayanda nəsil silsiləsinin paklığı aradan gedər.

Zay olmağın mənasını daha yaxşı başa düşmək üçün onun əks mənasına diqqət etmək lazımdır. Quranda namazın adı çəkilən zaman iqamə sözü ilə bir yerdə çəkilmişdir. Zay etmək isə qiyamın əksidir. Qiyam dedikdə yəni onu yerinə yetirmək və o, işi bərpa etmək mənasındadır.

Ona görə də zay etmək dedikdə yəni o işi elə yerinə yetirirsən ki, həqiqi təsiri zahir olmur. Yəni bu zaman onu edib-etməməyin bərabər olar. Allah buyurur: \"Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir” (\"Bəqərə” 143). Əgər iman əhlinin imanı zahir olmazsa, imanınızın faydası olmaz. Yəni, namazı elə qılmalısan ki, namaza bənzəsin. Onu sürətlə və diqqətin başqa yerdə olaraq, qılmağın namazın təisirini azaldır və onu zay edir.

Bəs niyə məhz namaza bu qədər işarə edilmişdir? Ola bilsin ki, səbəbi namazın insanla günahları arasında bir sədd olmağına görədir. Bu sədd sökülən və ya qırılan zaman insan nəfsani istəklərinə daha çox meyl edər.

Beləliklə aydın olur ki, namazı zay etmək dedikdə onda səhlənkarlıq etmək və ona qarşı etinasız olmaq nəzərdə tutulur. İş o yerə çatır ki, namazı bir oyuna çevirərlər. Bəzilərinin dedidyinə görə namazı zay etmək - onu tərk etməkdir. Ancaq bu söz düz deyildir. Çünki tərk edən zaman artıq o şey zay olmur, tamamilə aradan gedir.

124 min peyğəmbər (ə) və on iki İmam (ə) Allahın yaxın Övliyalarının tövsiyələrinə nəzər salsaq görərik ki, insan namazın vasitəsilə Allaha yaxınlaşa bilər. Ancaq qəlb hüzuru və təvazö ilə qılınmış namazın vasitəsilə. Əgər kimsə bunu yüngül qəbul edər və namaza elə də etina etməzsə, alçaq və çirkin bir varlığa çevrilər. Əgər insan bu qədər kiçik bədəni və dəyərsiz varlığı ilə o qədər əzəmətli və qüdrətli Allahın qarşısında təvazö göstərmirsə, əlbəttə hər bir məxluqdan daha alçaq və çirkin olar.

Allahın bu ürfani hökmünü yüngül hesab etmək cəhalətə və zəlalətə dəlalət edir. Mərifət əhli və Həzrət Haqqa aşiq olanlar aləmin həqiqi məqsədinə ancaq namaz gözü ilə baxırdılar. Onlar namaza aşiqcəsinə yanaşır və onu agah şəkildə yerinə yetirirlər. Namaz onların gözü və yollarını aydınladan çırağıdır. Qəlblərinə nur saçar və onun vasitəsilə qəlblərində Məhbublarını görərlər. Onlar heç bir zaman namazsız yaşamayıblar. Namaz olmadan hərəkət etməyiblər. Namazsız dünyanı istəməyiblər. Mələkut aləminə yolu ancaq namazda görüblər. Varlıq aləminin meyvə və məhsulunu da namazda görürlər. Namazda özlərindən gedərlər. Namaza başlamaq istəyəndə isə özlərini tanımazlar.

Həzrət Peyğəmbər (s) buyurur: \"Vay olsun o namazqılanlara ki, namazlarında səhlənkardırlar! Onlar cəhənnəm dərələrindən biri olan Veyl əhlidirlər. O namazqılanlar ki, gah namaz qılırlar və gah da qılmırlar - onlar isə cəhənnəmin o biri dərəsi olan Ğəyin əhlidirlər. O insanlar ki, heç bir zaman namaz qılmayıblar - onlar da cəhənnəmin dərələrindən

olan Səqr əhlidirlər. O insanlar ki, həmişə namaz qılırlar və namazda təvazökardırlar, namazlarında tövazökar olanlar kimidirlər”.

Yəni bu insanlar Allahın buyurduğu kimi: \"O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (\"Muminun” 2).

Bu bəhsi Həzrət İbrahimin (ə) duası ilə sonlandıraq: «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!» (\"İbrahim” 40). Amin! /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter