Əmmar Küfə şəhərinin valiliyindən uzaqlaşdırılanda onun narahat olub olmamasını soruşduqda hansı cavabı verdi?!


Əmmarın Kufədə valiliyi

İslamın böyük şəhərlərindən biri olan Kufədə müəyyən müddət Əmmar Yasir valilik etmişdir. İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali təyin olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir. Xəlifənini onlara aid olan hökmündə belə yazılmışdı: \"Bu iki şəxs Məhəmmədin (s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara iqtida edin.”

Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq, Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-möminin (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi.

Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünyatələbləri razı salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam etdi.

Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: \"Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter