Bədbəxtlİk zatİdİr, yoxsa İxtiyarİ?


Bəzi alimlər bu əqidədirlər ki, səadət və bədbəxtlik zati bir məsələdir. Allah Təala insanları xəlq edən zaman Öz hökmünə görə bəzilərini xoşbəxt və bəzilərini isə bədbəxt qərar vermişdir. Ancaq belə bir əqidəyə görə insan iradəsinin onun bədbəxt və ya xoşbəxt olmağında heç bir rolu yoxdur. Bu nəzərə görə peyğəmbərlərin (ə) gəlməsi, səma kitablarının nazil olması, nəsihət, məzəmmət - bunların hamısı faydasız şeylərdir.

Ayələrə və hədislərə müraciət edək:

İmam Baqirdən (ə) nəql edilir ki, buyurub: \"Allah o zaman ki, bəşəri xəlq etmişdir, mömin və kafir, bədbəxt və xoşbəxt xəlq etmişdir. Qiyamət günü də yolunu azmış məbus olacaqlar”.

Həzrət Peyğəmbər (s) buyurur: \"Bədbəxt o kəsdir ki, ana rəhmində bədbəxt olmuşdur. Xoşbəxt o kəsdir ki, ana rəhmində xoşbəxt xəlq edilmişdir”.

İmam Əlinin (ə) dilindən bəyan edilir: \"Peyğəmbər (s) o zaman ki, cənazə mərasimində idi, bir çöpü götürüb, onunla torpağı araladı. Elə bu halda buyurdu: \"Sizlərdən elə biri yoxdur ki, mənzilinin behişt və ya cəhənnəmdə olmağı məlum olmasın”. Soruşurlar: \"Onda əməllərimizə söykənməyək?” Buyurur: \"Əməl edin, çünki hər bir kəsin təqdir edilmişlərə çatması üçün asan yolu vardır”.

Bu cür hədislərə çox rast gəlmək olur. Bu hədislərə uyğun ayələr də vardır. ”Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir”. (\"Təğabun” 2).

\"Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir)” (\"Əraf” 29).

Bu qrup hədis və ayələrə əsasən belə nəticə çıxartmaq olar ki, qələm bizim xoşbəxt və ya bədbəxt olmağımızı yazmışdır və bizim üçün səy etmək yersizdir. Bu əqidəyə əsasən ixtiyari olmağın və iradə azadlığına malik olmağın heç bir faydası yoxdur. Yəni, insan çalışsa da, çalışmasa da mənası yoxdur. Yəni o insana ki, cəhənnəm yazılmışdır, nu getməkdən başqa çarəsi yoxdur. Əgər insana behişt yazılırsa, onun yolu iman və təqvailədir. Bu cür insan düşünər ki, əgər behiştə düşəcəyəmsə, niyə özümü incidim, təqva və iman əldə etməyə çalışım.

\"Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa, və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar). Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa Və İlahi vədləri təkzib etsə, tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar)”. (\"Ləyl” 5-10).

Bu cür insan su içməmiş doymaq və bir qədər hərəkət etməmiş özünü başqa bir yerdə görmək istəyər. \"Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir” (\"Nəcm” 39-40).

Nəticə.

Nəticədə belə demək olar ki, Allah Təala Alimi-Mütləqdir və Öz qəti elmi ilə bilir ki, kim səadət və kim bədbəxtlik yolunu gedir. Ancaq bu məsələ insandan ixtiyarı geri almır. İnsan fitrəti baxımından məqsədinə çatmaq üçün təlim və tərbiyəyə, vədə, əmr və nəhyə əl atır. Bunun özü insanın fitri cəhətdən özünü xoşbəxt və ya bədbəxt görməsinin dəlilidir. Belə hiss edir ki, onlardan ikisindən birini seçmək onun qüdrət və ixtiyarından asılıdır. Bu ikisindən hansını ixtiyar etsə, onun mükafatını da ala biləcəkdir.

Ona görə də deyə bilərik ki, insan öz taleyini bilmədiyi üçün özünün cənnətlik və ya cəhənnəmlik olduğunu bilmir. İnsan bunu bilmədiyi üçün haqq yolunu özünə hədəf qoyaraq, bu yolda irəliləməyə çalışmalı və Allahın rizayətini qazanacaq kəslərdən olmalıdır. Ola bilsin ki, bizim alnımızda cəhənnəm əhli olacağımız yazılmışdır. Ancaq bizim əməllərimiz bu təqdiri dəyişə bilər. Əks halda Peyğəmbər (s) risalətinin heç bir mənası olmazdı. Quran bizlərə göndərilməzdi.


(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter