Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?


Sual: İslam dininin anaya böyük əhəmiyyət verdiyini çox yaxşı bilirəm. Ana sənə zülm versə də, onunla yaxşı rəftar etməlisən. Mən öz anamı çox sevirəm və onu hər şeydə razı salmaq istəyirəm. Amma anam mənim sevmədiyim insanla ailə qurmağımı istəyir. Mənə deyir ki, əgər onunla evlənməsən, səndən razı olmayacağam. Mən nə etməliyəm? Ananın belə bir haqqı var?

Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur:

\"Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: \"Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!

Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: \"Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”.

Rəbbiniz sizin qəlblərinizdəkini çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki, Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”. (İsra, 17/23-25)

\"Biz insana ana-atasına qarşı yaxşılıq tövsiyə etdik. Anası onu güc-bəla ilə qarnında daşıyıb. Süddən kəsilməyi də 2 il çəkir. İnsana dedik: «Həm Mənə, həm də ata-anana şükr et! Unutma ki, axırda Mənə qayıdacaqsınız».

\"Ey insan övladı! Anan və atan səni kor-koranə surətdə Mənə şərik qoşmağın üçün məcbur etsələr, onlara itaət etmə. Dünya işlərində onlarla yaxşı rəftar et. Mənə üz tutan kəsin yoluna tabe ol. Axırda Mənə dönəcəksiniz. O vaxt etdiklərinizi sizə bildirəcəyəm”. (Luqman, 31/14-15)

Bu ayələrdəki ehsan (yaxşı rəftar etmək) və kor-koranə itaət etməyi birbirinə qarışdırmaq olmaz. Ananızın sizi istəmədiyiniz bir şəxslə evləndirməyə ixtiyarı yoxdur. O bu məsələdə uzaqbaşı məsləhət verə bilər. Ailə quracağınız insanla siz ömür sürəcəksiniz. Ona görə də bu barədə siz qərara gəlməlisiniz. Bunu ananıza onun xətrinə dəymədən yaxşı-yaxşı izah etməlisiniz. Onun da razılığını alıb bu məsələni həll etməlisiniz.=ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter