Qurbanı şəriət hökmləri baxımından necə kəsmək lazımdır?


Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir.

Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə «bismillah» və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa).

Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır.

Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter