Niyə Allah-Taala (c.c) orucu 30 gün vacib etmişdir?


Allah Təala orucu vacib edərək, insanların təqvasını imtahana çəkmək istəmişdir. Həzrət Zəhra (s.ə) “Fədəkiyyə” xütbəsində buyurmuşdur: “Orucun vacib olmaq səbəbi – insanların ixlas meydanında imtahana çəkilməsidir”.

Oruc – elə ibadətdir ki, ancaq Allahla bəndə ondan xəbərdar olar. Onu tutmaq və tutmamaq yolu ilə insanların təqvası imtahana çəkilər. Ola bilsin ki, insan oruc olsun, ancaq başqalarının bundan xəbəri olmasın.

Muhəmməd ibn Həmzə, İmam Həsən Əsgəriyə (ə) orucun vacib olması ilə bağlı sual verir və Həzrət (ə) də cavabında buyurur:“Allah orucu vacib etmişdir ki, zənginlər aclığı hiss etsinlər və yoxsullara ehsan etsinlər”.

Allahın vacib buyurduğu bu əməl qarşısında səbir etmək, insanda qürur və təkəbbürün aradan getməsinə səbəb olar. Həmçinin şəhvəti sındırar, nəfsin islahına səbəb olar. İnsanı Allaha yaxınlaşdırar.

Bəs nə üçün Allah orucu məhz 30 gün vacib etmişdir. Nə ondan az vaxtda və nə də çox vaxtda?

Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: “O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir”.

Sonra Həzrət (s) bu ayəni tilavət edir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).


İmam Rza (ə) buyurur: “Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər – elə bu miqdardadır.

Allah vacibatı insanların qüdrət və təbiətinə əsasən vacib buyurmuşdur. Ondan sonra icazə vermişdir ki, zəif gücü çatdığı qədər onu yerinə yetirsin. O kəsin ki, daha çox qüdrəti və gücü vardır, təşviq etmişdir ki, savabını (müstəhəb əməllərlə) artırsın.

Əgər bəndələrin faydasını bundan az müddətdə görsəydi, ondan azaldardı. Əgər bundan artığına ehtiyac olsaydı, ona əlavə edərdi”.\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter