İslam dinində üzr istəməyin hansı qayda-qanunu var?


Quranın və hədislərin nəzərinə görə, üzr istəməyi bacarmaq – bəyənilən əməllərdəndir. Əlbəttə, insan gərək elə yaşasın ki, heç kəsdən üzr istəməyi lazım olmasın. Amma insan məsum olmadığı üçün, daima xata işlədir və günah edir. Ona görə də dinimiz müsəlmanlara buyurur ki, əgər günah etmisənsə üzr istəməyi bacarmalısan. Əgər müsəlman desə ki, mən bilərəkdən deyil, xata olaraq bu günahı işlətmişəm – onun üzrü qəbul olunar. Ü zr sözünün mənalarından biri islah deməkdir. Yəni, insan xatasına görə üzr istəyərək, nəfsini islah edər.

Bu söz Quranda 6 dəfə işlənmişdir. Misal üçün: “Və o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?». Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən – günahkarlardan, onları çəkindirənlərdən və sükut edənlərdən ibarət idi)”. (“Əraf” 164).

Dinimizin nəzərinə görə, insan üzr istəməyin ədəb qaydalarını öyrənməlidir. Həm özü izr istəməyi bacarsın, həm də başqalarının üzrünü qəbul etsin.
Həzrət Peyğəmbər (s) buyurur: “Zinhar o əməldən ki, ona görə üzr istəyəsən. Çünki bu işdə gizli şirk vardır”. Əmirəl-möminin (ə) buyurur: “Üzr istəməyə ehtiyac duymamaq, üzr istəməkdən daha izzətlidir”. Üzrün qəbul olma şəraiti. Üzr istəmək üçün lazım olan şərait olmalıdır ki, qəbul oluna bilsin.

1. Niyyətin hüsn olması. ”(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir).

Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır. Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə, (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).

(Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç bilmirlər”. (“Tövbə” 91-93).



2. İxlaslı olmaq. Müsəlman gərək xaliscəsinə üzr istəsin. Qarşı tərəfin razılığından başqa bir şey düşünməsin.
3. Peşman olmaq. Üzr istəyən şəxs gərək əməlindən peşman olsun.
4. Təkrar etməmək. Tövbədə olduğu kimi, üzr istəyən zaman da insan qəti qərara almalıdır ki, etdiyi xatanı bir də təkrar etməsin.

5. İslah niyyəti. “Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işgəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır”. (“Nəhl” 110).

Hər kim üzr istəyər, gərək öz səhvini başa düşsün. Nəfsinin islahı ilə məşğul olsun.

6. Səbirlilik. O şəxs ki, üzr istədikdən sonra öz nəfsinin islahı ilə məşğul olar, gərək bu yolda səbirli olsun ki, nəticə əldə edə bilsin.
7. Vaxtında üzr istəmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis üzr o zamandır ki, ölüm gəlib çatar”.

8. Doğruçuluq. Üzr gərək sadiqcəsinə və həqiqi olsun.
9. Məcbur edilməsin. Üzr istəmək məcburi olmalı deyildir. İnsan gərək öz səhvini başa düşərək, özü üzr istəmək ardınca olsun.

10. Qəbul olunacaq bəhanə. Üzr gərək hüccət üzərində olsun. İnsan etdiyi xatanın səbəbini açıqlamalı və ondan sonra üzr istəməlidir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter