İslam və şəfaət varmı?


Cavab: İslamda şəfaət var və şəfaət İslamın aşkar üsullarından sayılır. Quran və islami hədislərlə müxtəsər şəkildə tanış olan kəs bilir ki, şəfaət yalnız ləyaqəti olan insanların halına şamildir və bu məsələdə şəkk-şübhəyə yer yoxdur.
Şəfaət haqqında nəqli dəlilləri araşdırmazdan qabaq şəfaət məfhumunun mahiyyətini araşdırmaq yaxşı olar. Şəfaətlə dəstəbazlıq arasındakı fərqi müəyyənləşdirmək zəruridir.
Dini terminologiyada “şəfaət” dedikdə Allah övliyalarının büdrəmələrə yol vermiş insanlara köməyi nəzərdə tutulur. Günahkarlara yardım iki şəkildə ola bilər: Biri dəstəbazlıq xatirinə zülm-sitəm yolu ilə yardım, digəri isə tərbiyəvi, ümidverici, təkamül vasitəsi olan yardım.
Əgər heç bir ləyaqəti olmayan insanlara səbəbsiz yerə yardım edilərsə, bu yardım insanları günaha və cinayətə daha çox təşviq edər. Belə bir şəfaət əlbəttə ki, yersiz və yanlışdır. Şübhəsiz ki, Quran ayələrində belə bir şəfaətdən danışılmır. Amma əgər bəzi günahkarlara onların Allaha bağlılığı səbəbindən yardım göstərilərsə, bu yardım günahkarı günah yolundan qaytarar, onun tərbiyəsinə təsir göstərər.
Qurani-kərimdə bəyan olunur ki, Allah övliyalarının şəfaəti Allahın izni ilə baş tutur. Allahın izni olmasa, kimsəyə şəfaət verilə bilməz. Şübhəsiz ki, Allah əsassız yerə kimsəyə şəfaət izni verməz. Demək, Allah-təala yalnız bağışlanma ləyaqəti olanlar üçün şəfaət izni verir. İnsan Allahla rabitəsini tamami ilə qırmışsa, haqq və ədalətə bağlılığı varsa, o şəfaətə layiq görülür. Belə bir şəfaət qəflət səbəbindən günaha batanlara bir xəbərdarlıqdır. Bütün pərdələri yırtmış, bütün bağları qırmış insan üçünsə qurtuluş yolu yoxdur. Şəfaətə inam günahkar insanların doğru yola qayıtmasında, yeni bir həyat qurmasında çox təsirlidir. Bu inam paklanmağa, haqq yola qayıtmağa səbəb sayılır.
Təcrübə göstərir ki, günahkarların üzünə ümid qapısı açıldıqda, onlar yanlış yoldan qayıtmağın mümkünlüyünü hiss etdikdə aralarında doğru yola qayıdan çox olur. Dünyada məhkumların, böyük cinayətkarların, əbədi həbsə məhkum edilənlərin əfvi adlı bir qanun var. Bu qanun həmin insanlara yeni bir həyata başlamaq üçün ümid verir. Belə bir ümid olmasaydı, həmin insanlar həbsxanada rahat otura bilməzdilər. Axı qaradan (ömürlük həbsdən) tünd rəng yoxdur.
Bəli, ləyaqətini itirməmiş insanlar üçün şəfaət yeni bir həyata qayıtmaq üçün ümid qapısıdır. Şəfaət yalnız o günahkarlara aiddir ki, Allah və din övliyaları ilə rabitəni qırmamışlar. Amma imanı və saleh əməli olmayan, günah meydanında bir ömür tər axıtmış insan şəfaətə nail olası deyil.
Bu iki qrup arasındakı fərqi bir misalla aydınlaşdırmağa çalışaq: Təsəvvür edin ki, bir dəstə döyüşçü ölkənin təhlükəsizliyi üçün çox mühüm olan qalanı tutmalıdır. Mahir komanda qalaya qalxmaq üçün zəruri olan vasitələri əsgərlərə vermiş və qalanın tutulmasını əmr etmişdir. Bu əmrdən sonra fədakar əsgərlər qalaya doğru hərəkət edir, qorxaqlar isə yerindən tərpənmir. Komandanın diqqəti irəli gedənlərdədir. O öndə gedənlərin müvəffəq olması üçün əlindən gələni edir. Əgər qalaya hücum edənlər arasında bir nəfər büdrəyərsə, onun əlindən tutub qaldırırlar. Amma komandanın əmrinə tabe olmayıb, yerindən tərpənməyənlər diqqətdən kənarda qalmışlar. Fədakarlıqla hücuma keçən dəstədə büdrəyənin əlindən tutmaq bir növ şəfaətdir. Dəstədən geridə qalıb qorxaqlıq göstərənlərə heç bir kömək yoxdur. Amma hədəfə doğru hərəkət zamanı büdrəyənlərə yardım əli uzadılır. Əgər komandan əvvəlcədən elan etsəydi ki, mən geridə qalanlara yox, yalnız irəlidə gedənlərə kömək edəcəyəm, bu vəd insanları hücuma həvəsləndirərdi. Belə bir vədin böyük tərbiyəvi əhəmiyyəti də var.
Əgər şəfaət edilərkən insanların ləyaqəti yox, başqa xüsusiyyətləri nəzərdə tutulsaydı, onda bu iş dəstəbazlıq kimi yozula bilərdi!
Bəs Quranda şəfaət məsələsi necə açıqlanır? Şəfaətlə bağlı üç hissəyə ayırmaq olar:
1. Şəfaəti inkar edən ayələr: Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilməsin.”
2. Şəfaəti Allaha məxsus bilən ayələr: “Sizin Ondan (Allahdan) başqa heç bir haminiz və şəfaətçiniz yoxdur.”
3. Allahın izni ilə şəfaət verənlər və bu şəfaətlərin Allahın izni ilə qəbul olunması haqqındakı ayələr: “Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?!” Başqa bir ayədə isə belə buyurulur: “O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz.”
Bu və digər ayələrlə sübuta yetir ki, qiyamət günü Allahın izni ilə günahkarlara şəfaət verilə bilər. Şəfaət haqqında Quranda bu qədər açıq-aydın ayələr olduğu halda, uyğun məsələyə şəkk-şübhə ilə yanaşanların inadkarlığı qərəzli görünür.
Bəs nə üçün bəzi ayələrdə şəfaət inkar edilir? Unutmamalıyıq ki, bütpərəst ərəblər xürafata vararaq bütlərin şəfaətinə bel bağlayırdılar. Ayələr məhz həmin şəfaəti rədd edir. Bütpərəstlər elə düşünürdülər ki, Allah dərgahında bütlərin şəfaətindən bəhrələnəcəklər. Allah bu xürafi əqidəni Quranın müxtəlif surələrində məzəmmət edir: “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər yetirə bilən bütlərə ibadət edir və deyirlər: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir.” De ki, Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır.” Demək, qəti şəkildə rədd edilən şəfaət cahil ərəblərin inandığı şəfaətdir. Başqa bir ayədə oxuyuruq: “Yoxsa onlar Allahdan qeyrilərini şəfaətçi etdilər? De ki, onlar heç bir şeyə malik olmadıqları və heç nə anlamadıqları halda şəfaətmi edəcəklər?!”
Belə bir irad yəhudilərə də ünvanlanmışdır. Onlar təsəvvür edirdilər ki, onların babaları Peyğəmbər olduğundan istədikləri qədər günaha bata bilərlər. Onlar əcdadları olmuş Peyğəmbərlərin şəfaətinə bel bağlayaraq, heç bir günahdan çəkinmirdilər. Belə bir şəfaət dünyamızdakı rüşvətə oxşadıla bilər. Quranda məhz belə bir şəfaət rədd edilərək deyilir: “Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsin şəfaəti qəbul olunmasın, heç kəsdən fidyə alınmasın...” Demək, şəfaəti inkar edən ayələrdə batil əqidəyə malik olan cahil ərəblər və yəhudilər nəzərdə tutulmuşdur.
Şəfaət haqqında buyurulan əvvəlki ayələrlə şəfaətin yalnız Allaha aid olmasını bildirən ayələr arasında heç bir ziddiyyət yoxdur. Çünki şəfaət, həqiqətən də, Allaha məxsusdur və başqaları yalnız Onun izni ilə şəfaət verə bilərlər.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter