İslam Peyğəmbərinin (s) ən böyük nigarançılığı nə idi?


Həzrət Peyğəmbər (s) ömrünün son günlərində bir şey üçün çox nigaran idi. Onu nigaran edən mövzu – İslam ümmətinin vəsisi idi. Həzrət Peyğəmbər (s) ətrafında olan insanların fitnəsindən xəbərdar idi və ona görə də İmamət mövzusu onu çox narahat edirdi. O, dəfələrlə özündən sonra canişinin Əli ibn Əbutalibin (ə) olacağını vurğulamışdı.



Vəfatından təxminən 70 gün əvvəl Qədir-Xum çölündə öz risalətini tamamlayaraq, İmam Əlini (ə) öz canişini elan etmişdi.



O, öz nigarançılığını İmam Əli (ə) ilə bölüşür və ona buyurur: “Mən qorxuram ki, əgər rəhbərlik üzündən onlara təzyiq etsən və onlara qarşı çıxsan, səni qətl edərlər”.



Bu səbəbdən Həzrət (s) qərara alır ki, öz canişinini yazılı olaraq elan etsin və onu ziyarətə gələn bəzi səhabələrinin yanında kağız və mürəkkəb istəyir ki, onlara hüccətini tamam etsin. Həzrət (s) buyurur: “Mənim üçün kağız və mürəkkəb gətirin ki, sizin üçün məktub yazam və məndən sonra yolunuzu azmayasınız”.

Bu zaman orada olanlardan biri deyir: “Xəstəlik ona qələbə çalmışdır. Quran ola-ola bizim başqa şeyə ehtiyacımız yoxdur”.



Hamı yaxşı bilirdi ki, Peyğəmbər (s) o məktubda nə yazmaq istəyir. İbni Abbas bu məktubun yazılmaması ilə bağlı dərin narahatlığını bildirir və göz yaşları içində deyir: “Cümə axşamı günü müsəlmanlar üçün çox ağrılı və müsibətli bir gün idi\".

Həzrət Peyğəmbər (s) həyatının son anlarında onu ziyarət etməyə gələnlərə üzünü tutur və buyurur: “Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm. Agah olun! Mən sizin yanınızda Quranı və Əhli-Beytim (ə) olan itrəti qoyuram”.

Sonra İmam Əlinin (ə) əlindən tutub qaldırır və buyurur: “Bu Əli, Quranla bir yerdədir. Quran da onunla birlikdədir. O ikisi bir-birindən ayrılmazdır, o günə qədər ki, Qiyamət günü Kövsər hovuzunun kənarında məni görərlər. O gün gəlib çatan zaman sizdən soruşacağam ki, onlarla nə etdiniz?”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter