Müəllimin təvazökarlığı hansı bəhrəni verdi?


Ayətullah Kuh Kəməri, “Cövhər”in müəllifinin şagirdi olmuş və öz zamanının tanınmış alimlərindən hesab olunurdu.

Onun çoxlu tələbələri var idi və hamı onu yaxşı müəllim kimi tanıyırdı.

Nəql edirlər ki, o, məscidlərin birində tədrislə məşğul idi. Bir dəfə evindən çıxır və işi olur. Dərsin vaxtına yarım saat qalmışdı.

Öz-özünə düşünür ki, əgər evə gedib qayıtsam, faydası olmayacaqdır – çünki vaxt azdır. Ona görə də qərara alır ki, şagirdlərdən əvvəl məscidə getsin və əyləşib gözləsin. Gedir və məsciddə şagirdlərinin gəlməsini gözləyir. Görür ki, bir şeyx kənarda əyləşmişdir və dərs verir. Seyyid bu anda məşğuliyyətsiz olduğu üçün qərara alır ki, əyləşib onun dərsinə qulaq assın. Görür ki, bu şeyx tanınmış insan deyildir, paltarı da qırış-qırışdır. Ancaq çox gözəl dərs keçir. Molladır və mənbələrdən xəbəri vardır. Üsulu, fiqhi bilir. Hər bir şeyi yaxşı açıqlayır.

Öz-özünə düşünür ki, görəsən bu şeyx kimdir?



Bu şeyxin cəmi beş tələbəsi var idi. Nəhayət ağanın dərsi sona çatır və alim özü dərsini keçməyə başlayır. Sabahısı günü fikirləşir ki, yenə tez getsin və şeyxin dərsinə qulaq assın. Şeyx yenə də həmin vaxtda tələbələrinə dərs verirdi. O da əyləşir və şeyxin dərsinə qulaq asır. Bu tərtiblə beş gün keçir. Hər dərsdə yeni şeylər öyrənir.

Şagirdləri gələn zaman onlara deyir: “Ey cavanlar! Mən neçə gündür ki, buraya şeyxin dərslərinə qulaq asmaq üçün gəlirəm. Onun cəmi beş tələbəsi vardır. Mən təklif edirəm ki, sabahdan mən də sizinlə birlikdə onun dərsinə gedək və o, bizim hamımıza dərs versin”.

Sabahısı günü hamı həmin şeyxin dərsinə gəlir.


Sonradan bu şeyxin tanınmış alim olan Şeyx Murtəza Ənsari olduğunu öyrənirlər. Bu alim paltarlarına çox diqqət etməzdi. Təmiz geyinərdi, ancaq paltarlarının ütüsünə nəzarət etməzdi. Ona görə də xarici görünüşdən insanda alim olduğu fikrini yaratmırdı.



Halbuki, bu böyük İslam aliminin dinimizə çox böyük bəhrələri olmuş və özündən sonra çox sayda böyük alimlər yadigar qoyub getmişdir. Dini əsərləri indiyə qədər hövzədə tədris olunur.

Mühüm olan budur ki, Ayətullah Kuh bu alimi tanımasa da, ona görə öz dərsini tətil edir və şagirdlərinin ondan bəhrə aparmasını ürəkdən arzu edir. Bu da alimin qəlbinin təmiz və pak olmasından xəbər verir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter