BU BEŞ İŞİ YERİNƏ YETİRƏ BİLSƏN, SONRA NƏ QƏDƏR İSTƏSƏN, GÜNAH ET!!


Əgər insan özünü Allahın məhzərində görərsə, bir çox günahlara qurşanmaqdan çəkinər və insanın günaha qurşanması adi hal alıbsa, səbəbi odur ki, həyatında Allahı hazır və nazir görmür.

Bir nəfər İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin (ə) övladı! Günahdan uzaq olmaq istəyirəm, amma bunu bacarmıram. Mənə bir nəsihət et ki, günahdan uzaq olum!”

İmam Hüseyn (ə) buyurdu:

افْعَلْ خَمْسَةَ أَشْيَاءَ وَ أَذْنِبْ مَا شِئْتَ فَأَوَّلُ ذَلِكَ لَا تَأْكُلْ رِزْقَ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّانِي اخْرُجْ مِنْ وَلَايَةِ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّالِثُ اطْلُبْ مَوْضِعاً لَا يَرَاكَ اللَّهُ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الرَّابِعُ إِذَا جَاءَ مَلَكُ الْمَوْتِ لِيَقْبِضَ رُوحَكَ فَادْفَعْهُ عَنْ نَفْسِكَ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الْخَامِسُ إِذَا أَدْخَلَكَ‏ مَالِكٌ فِي النَّارِ فَلَا تَدْخُلْ فِي النَّارِ وَ أَذْنِبْ مَا شِئْتَ

“Bu beş işi yerinə yetir, sonar nə qədər istəsən, günah et:

1. Allahın ruzisini yemə, sonra nə qədər istəsən, günah et!

2. Allahın vilayət və hakimiyyətindən çıx, sonra nə qədər istəsən, günah et!

3. Bir yer tap ki, Allah səni görməsin, sonra nə qədər istəsən, günah et!

4. Ölüm mələyi (Əzrail) sənin canını almağa gəldikdə, onu özündən uzaqlaşdır (və onun əlindən nicat tap), sonra nə qədər istəsən, günah et!

5. Cəhənnəmin maliki səni cəhənnəmə aparmaq istədikdə, cəhənnəmə daxil olma, sonra nə qədər istəsən, günah et!” (“Biharul-ənvar”, Beyrut çapı, “İmam Hüseynin (ə) moizələri” bölümü, 75-ci cild, səh.116.

İmam Hüseynin (ə) bu kəlamı Qurana əsaslanır. Belə ki, “Tövbə” surəsinin 105-ci ayəsində buyurulur: “

وَ قُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ وَ سَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَ الشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

“(Ey Peyğəmbər!) De: “(Ey insanlar!) İstədiyinizi edin. Tezliklə Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Məgər mümkündür ki, insan Allahın verdiyi ruzini yeməsin! Onun vilayətindən xaric olsun? Elə bir yerə getsin ki, Allah onu görməsin? O Allah ki, ona şah damarından da yaxındır. Məgər, insan bu dünyada özünü Ondan gizlədə bilərmi? Məgər kimsə ölüm caynağından yaxa qurtara bilərmi?

Quranda buyurulur ki, hər kəsin ölümü çatsa, harda olsa, onu yaxalayacaq! “Nisa” surəsinin 78-ci ayəsində:

أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَ لَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ

“Harada olsanız, hətta ucaldılmış (möhkəm) hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır…”

Qiyamət günü də cəhənnəm əhli cəhənnəm məmurlarının əlindən qaçıb qurtara bilməyəcək!

Əlbəttə, əksəriyyət bu bəlaya mübtəladır; hamı bilir ki, Allah nazirdir, hamını görür, amma çəkinmədən, utanmadan məsiyət və günaha qurşanır.

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى

“O (insan) bilmir ki, Allah onu görür?!” (“Ələq” surəsi, ayə 4.)

Məgər insan bilmir ki, onun bütün bədən üzvləri qiyamətdə sorğu-suala tutulacaq?:

وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً

“(Ey insan! Etiqad, söz və əməldə) bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etiqadı, etdiyi əməl və dediyi söz barəsində) sorğu-sual olunacaqdır!” (“İsra” surəsi, ayə 36.)

İmam Xomeyni (r.ə.) buyurur ki, bütün aləm Allahın məhzəridir. Allahın məhzərində günah etməyin!

İnsan günahdan çəkinmək üçün, bu mənanı dərk etməli, qəlbinə ötürməlidir. İnsan bilir ki, Allah onu görür, bunun üçün, hətta əqli dəlillər də gətirir, məsumların kəlamlarına istinad edir, Qurandan belə ayə oxuyur, “Hədid” surəsinin 4-cü ayəsini: “Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir.” Amma yenə günah! Nə üçün? Çünki bu maarif hələ qəlbə ötürülməyib və hopmayıb! Bu mətləbləri bilmək təklikdə kifayət etmir, bilik etiqad və qəlbi imana çevrildikdə, cana nüfiz etdikdə, əməldə öz əksini tapır. Bu zaman insan özünü Allahın məhzərində görə bilir. Başqa sözlə, bütün bu sözlərin mehvəri bir nöqtədir, o da Allahın hər yerdə hazır və nazir olmasını qəlbən hiss etmək! - Rza Şükürlü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter