Niyə Həzrət İbrahim (ə) oda atılanda, Allahdan kömək istəmir?


Quran buyurur: “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (Təlaq” 3).

Bəs təvəkkülün dərəcələri hansılardır?



1. Təvəkkülün ilk dərəcəsi belədir ki, insan Allaha öz vəkili kimi etimad edər. Bu təvəkkülün ən aşağı dərəcəsidir. Yəni, insan hər bir işində Allahı vəkili edərək, Ona etimad edir və Ona söykənir.

Təvəkkülün bu dərəcəsi adətən davamlı və uzunmüddətli olur.



2. Təvəkkülün ikinci dərəcəsi – bütün varlığı ilə Allaha təslim olmaqdır. Çox təəssüf ki, təvəkkülün bu dərəcəsi davamlı olmur və 2-3 gün sürür. Belə bir insan bütün işlərini kənara qoyur, ancaq Allaha diqqət edir, ağlayıb, sızlayır. Ancaq Ondan yardım istəyir. Bu, adətən, həyatın çətin məqamlarında, ağır sınaqlarda baş verir. Amma hər kəs də təvəkkülün bu dərəcəsini əldə edə bilmir.



3. Təvəkkülün ən ali dərəcəsi isə odur ki, insan bütün hərəkət və sükutlarını Allah tərəfindən görər. O, qəlbində inanır ki, Allah onunladır və hər bir işində ona yardım edəcəkdir. Buna nümunə olaraq, Həzrət İbrahim peyğəmbəri (ə) göstərmək olar. Belə ki, Nəmrud onu atəşə atmaq istəyəndə, İlahi mələk onun yadına salır ki, Allahdan yardım istəsin.

Ancaq o Həzrət (ə), cavabında deyir: “Allahın mənim halımdan xəbər tutması, məni Ondan (nicat) istəmək üçün ehtiyacsız etmişdir”.



Əlbəttə, təvəkkülün bu dərəcəsi ancaq siddiqlərə məxsusdur. Həqiqi təvəkkül məhz budur. Yəni, insan əlini hər şeydən üzər və ürəyində inanar ki, onun Allahı vardır və həmişə Onu himayə edir. Ona görə də heç bir çətinliyə görə nigaran və pərişan olmur. (İslami saytlara istinadən)



“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”.
(“Ənfal” 2)./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter