Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə, hansı 3 şəri hökm bəlli oldu?!


İmam Musa Kazım (ə) buyurub: “Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişən zaman, müsəlmanlar üçün 3 sünnət müəyyən oldu. İbrahim ruhunu tapşıran zaman günəş tutulması olmuşdu. İnsanlar deyirlər ki, günəş tutulması Peyğəmbərin (s) oğlunun vəfatı ilə bağlıdır.



Peyğəmbər (s) bu sözləri eşidib, minbərə çıxdı və buyurdu: “Ay və günəş tutlması iki İlahi nişanədir ki, Allah Təalanın əmri ilə həyata keçər. Heç kimin həyatı və ölümü ilə əlaqədar deyildir. Nə zaman belə hadisə baş versə, ayət namazı qılın”.



Minbərdən aşağı düşür və insanlarla bir yerdə ayət namazı qılır. Sonra İmam Əliyə (ə) buyurur: “Oğlum İbrahimə qüsl ver və kəfənlə ki, dəfnə hazır olsun”. İbrahimi dəfn etmək istəyəndə insanlar deyir: “Allahın Peyğəmbəri (s) qəm və qüssəyə görə meyit namazını qılmağı unutdu”. İnsanların səsi Həzrətə (s) çatan zaman yerindən qalxır və buyurur: “Cəbrayil (ə) məni sizin sözlərinizdən agah edir. Allah sizə beş namazı beş vaxtda vacib etmişdir. Hər bir namazın yerinə də ölülər üçün bir təkbir deyilməsini buyurmuşdur. O ölülər ki, onlara namaz vacibdir - həddi-büluğa çatan insanlardır”.



Sonra buyurdu: “Ey Əli! Qəbrə daxil ol və oğlum İbrahimi ora qoy”. Həzrət Əli (ə) İbrahimi qəbrə qoyan zaman insanlar dedilər: “Bir daha heç kəs gərək övladını qəbrə qoymasın, çünki Peyğəmbər (s) belə etmişdir”. Həzrət Peyğəmbər (s) buyurdu: “Əgər kimsə ölmüş övladını qəbrə qoyar, haram deyildir. Bir şərtlə ki, şeytanın onun imanını almayacağından əmin olmalıdır, taqətsizlik etməməlidir. Dilinə küfredici sözlər gətirməməlidir””. (İslami saytlara istinadən)/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter