İslam dininin fala baxmağa münasibəti necədir?


Fal anlayışı müxtəlif mənalarda işlənir. Ənənəvi mənada fal – yəni gələcəkdən xəbər vermək – qətiyyən qadağandır və günahdır. Amma hərdən “yaxşı fal” adlandırılan yaxşı yozum ki, var – buna icazə verilir. Yəni, hansısa hadisəni və halı yaxşı tərəfə yozmaq kimi.



Ümumilikdə, yaxşılı-pisli fal adətən üç şeyə şamil olar:

1. Dilinə və ya qəlbinə yaxşı bir şeyi gətirmək.

2. İstixarə etmək ki, adətən Quran və ya təsbeh ilə həyata keçirilir.

3. Baş verəcək hadisə haqqında qabaqcadan xəbər vermək.



Fal elmi – elə bir elmdir ki, onun vasitəsilə gələcəkdə baş verəcək hadisələr haqqında məlumat əldə etməyə çalışılır. Fala baxmaq hələ qədim zamandan bəri bütün millətlərdə olmuş və olmaqdadır da.



İslam dini gələcəkdən xəbər verməyi birmənalı qadağan edir. Amma, deyildiyi kimi, yaxşı yozum deyilən bir şey var ki, insana ümid verir və müqəddəs dinimiz yaxşı yozuma icazə verir.



Yaxşı yozum insana ümid verər. İslam dini daima yaxşı əməllərin tərəfdarı olduğu kimi, yaxşı yozumu da qadağan etmir.



Ancaq dinimiz pis falı şiddətlə məhkum edir. Hətta bəzi hədislər onu şirk adlandırır. Nəyisə pis yozum etmək – dinimiz tərəfindən şiddətlə pislənir. Və pis falı öz işlərinə təsirli bilmək – Allahdan ümidini kəsmək və hətta Allaha şərik qoşmaq kimi ağır günah hesab edilir.



Həzrət Peyğəmbər (s) buyurur: “Pis fal etmək və onu Allah qarşısında öz taleyinə təsirli bilmək – Allaha edilən bir növ şirkdir”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “İşləri yaxşı tərəfə yozun (yəni, ümidvar olun) ki, ona çatasınız”.



Əgər Peyğəmbərin (s) və din alimlərinin həyatına baxsaq, görərik ki, məsələ çıxanda, yaxşı yozum edərdilər. Misal üçün, Həzrət Peyğəmbər (s) Xosrova, İslama iman gətirməsi üçün məktub göndərdikdə, o, məktubu cırır və yerinə bir şəkil göndərir ki, orada yumruq təsvir edilmişdi. Həzrət Peyğəmbəri-Əkrəm (s) də bu şəkli yaxşı tərəfə yozaraq, buyurur: “Tezliklə müsəlmanlar onun torpaqlarının maliki olacaqlar”.

Həzrət (s) bu cür yozumları çox edərdi.



Yəni, yaxşı fal deyildikdə, yaxşı tərəfə yozmaq, yəni hüsnü-zənn etmək nəzərdə tutulur. Bunun, çoxlarını adət etdiyi fal anlayışına heç bir aidiyyəti yoxdur.



Quranda oxuyuruq ki, keçmiş peyğəmbərlər (ə) insanları iman gətirməsi üçün dəvət edən zaman, o cahillər deyərdilər: “Biz sənin haqqında pis fal etmişik və ona görə də sənə iman gətirməsəyəcəyik”.

Həmin peyğəmbər (ə) də bu cür cavab verərdi: “Pis fal – haqqı nahaq və batili haqq etmir. Bütün işlər Allahın əlindədir, falın əlində deyil. Xeyir və şərin, səadət və bədbəxtliyin ixtiyarı falın əlində deyildir, Allahın əlindədir”.



İnsan bir iş görmək istəyən zaman onun hər tərəfini düşünür və fikrini Allah tərəfindən olan nemət kimi işə salır. Əgər bu yolda öz mənafeyini təyin edə bilmirsə, Allah Təalaya təvəssül etməkdən başqa çarəsi qalmır. Xeyirli olanı Ondan istəyir və istixarə edir. (Həvzəh)



Bu səbəbdən deyə bilərik ki, dinimizin nəzərinə görə, fala baxmaq – icazə verilən əməl deyildir. Fala baxmaq deyildikdə, insanların gələcəyindən xəbər verən “məlumatı” onlara çatdırmaq nəzərdə tutulur.

Ancaq dinimiz istixarəyə icazə verir və yaxşı tərəfə yozmağı, yəni bir iş haqqında yaxşı fikirdə olmağı bəyənir və onu qadağan etmir. Ancaq bu əməllərin də özünəməxsus şərtləri vardır ki, onlara uyğun şəkildə yerinə yetirilməlidir. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter