Qiyamətdə Günəş, Ay işıq saçmayacaq. Bəs işıq verən nə olacaqdır?


Bəsirət – xüsusi bir nurdur ki, vəhy çırağının və insanın daxili İmamının sayəsində meydana gələr. Başqa sözlə desək, insanın daxili İmamı ilə daxili vəhy çırağı bəsirət çırağının yanmasına səbəb olar.

Bütün peyğəmbərlərin (ə) səyləri bu olmuşdur ki, insanların batinində olan bu çırağı yandıra bilsinlər və düşüncələrini zülmətdən xilas etsinlər. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. (“Ənam” 122).


Yəni, insanlar iki dəstəyə bölünür:

- o kəslər ki, heyvani həyatı arxada qoyub, insan kimi yaşamağa başayıblar.
- o kəslər ki, insan həyatından məhrumdurlar.

O kəslər ki, insani həyatı əldə ediblər – onlar Allahın xüsusi nuruna malikdirlər ki, necə yaşamalı olduqlarını yaxşı bilirlər.

Ancaq əksinə - o kəslər ki, heyvani həyatlarına davam edirlər, düşüncələri zülmətdə qalmışdır. Ona görə də həqiqəti görə bilmirlər. Bilmirlər ki, səadət və tərəqqi yolu haradadır. Bilmirlər ki, necə yaşamalıdırlar.



İmam Səccad (ə) dualarının birində buyurur: “Allahım! Mənə elə nur bəxş et ki, onun sayəsində cəmiyyətdə hərəkət edim və qaranlıqlarda yol tapım, şəkk və şübhədən çıxım”.

Əgər Allahın bəsirət çırağı olarsa, insan öz nəzərlərində xata etməz. O, əqidə mövzularında şəkk etməz. O kəslərin ki, bəsirət nuru vardır – Qiyamət günü də o nurdan bəhrələnəcəklər.



Qiyamət günü fəzanı işıqlandıracaq Günəş, Ay, ulduzlar olmayacaqdır. Qiyaməti aydınlandıran nur – insan nəfsinin nuru olacaqdır. Bu nur – həmin bəsirət nurudur. O günü insana doğru yolu göstərəcəkdir.



Qurani-Kərim bu haqda buyurur: “Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu, həmin böyük uğur və qurtuluşdur!

(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır”. (“Hədid” 12-13).



İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “Qiyamət günü imanlı insanların nuru onların qarşılarında hərəkət edəcəkdir. O zamana qədər ki, behiştdəki mənzillərinə daxil olarlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Qiyamət günü hər kəsə əməlinə görə nur inayət edər”. O kəslərin ki, imanı güclüdür – əlbəttə ki, onların nuru başqalarından daha çox olacaqdır.



Beləliklə deyə bilərik ki, bəsirət çırağı elə bir nur saçar ki, insana həm dünyada və həm də Qiyamət günü doğru yolu göstərər və məqsədinə, əsil mənzilinə çatdırar. İnsan bu nuru ancaq qəlb gözü ilə görə bilir.

Belə ki, İmam Əli (ə) buyurur: “Mən vəhy nurunu görürdüm”.

İmam Əli (ə), Peyğəmbərə (s) nazil olan İlahi vəhylərin nurunu qəlb gözü, yəni bəsirət gözü ilə görə bilirdi. -Hazırladı: Məşhədi Xanım,\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter