“Şəqqül-qəmər” nədir?


Cavab: Bu məsələni tam aydınlaşdırmaq üçün bəzi digər məsələlərə nəzər salmaq lazım gəlir:
1. Kifayət qədər böyük həcmə malik olan ay kimi bir səma cismi parçalanıb yenidən birləşə bilərmi?
2. Ayın parçalanma imkanı aydınlaşdırıldıqdan sonra, bu hadisənin həzrət Peyğəmbər (s) dövründə bir möcüzə kimi baş verməsinə dəlil varmı?
3. Əgər belə bir möcüzənin baş verməsi sübuta yetərsə, bu proses necə baş vermişdir?
1. Şəqqül-qəmər, ayın parçalanması hadisəsinin mümkün bir iş olduğunu qəbul etmək üçün günəş daxilində baş verən partlayışları, parçalanmaları nəzərdən keçirmək kifayətdir:
a) Asteroidlər günəş sistemi ətrafında dövr edən böyük daş parçalarıdır. Bəzən onları planetə oxşar kiçik kürə də adlandırırlar. Onlardan bəzilərinin diametri 35 kilometrə çatır. Alimlərin fikrincə, bu səma cisimləri bir zaman günəş sistemində hərəkət etmiş, sonradan parçalanmış planetin hissələridir. Bu planetin parçalanma səbəbləri hələ ki kəşf olunmamışdır. Hər halda bu hadisə səma cisimlərinin parçalana bilməsinə bir nümunədir.
b) Günəş ətrafında xüsusi bir orbitdə böyük sürətlə dövr edən metiorlar mövcuddur. Bəzən onların orbiti yerin orbitinə yaxınlaşdığından yer tərəfindən cəzb olunurlar.
Alimlərin fikrincə, bu böyük daş parçaları naməlum səbəbdən parçalanmış quyruqlu ulduzların hissələridir. Səma cisimlərinin parçalana bilməsinə bu da bir nümunədir.
v) Laplas və bir çox başqa alimlərin fikrincə, günəş sistemi günəşdə baş vermiş böyük partlayış nəticəsində yaranmışdır. Bildirilir ki, günəş sistemindəki planetlər və günəş əvvəlcə vahid bir kütlə olmuşdur. Sonra hər bir planet tədricən günəşdən ayrılmışdır. Amma bu partlayışın da səbəbi qaranlıq qalır. Parçalanmanın səbəblərinə münasibətdə alimlər arasında fikir ayrılığı olsa da, belə bir partlayışın baş verməsini bütün alimlər yekdilliklə qəbul edirlər.
yuxarıda deyilənlərdən belə bir nəticə əldə edirik ki, səma cisimlərində parçalanma baş verə bilər və elm bunu inkar etmir. Əlbəttə ki, belə bir hadisənin baş verməsi üçün parçalanan kütlədə böyük enerji yaranmalıdır. Bəzi səma partlayışlarının səbəbləri müəyyən olunsa da, bir çox partlayışların səbəbi hələ də qaranlıq qalır.
Şübhəsiz ki, Şəqqül-qəmər hadisəsinin də səbəbi olmuşdur. Bu hadisə haqqında danışan əksər alimlər bildirirlər ki, bu işin səbəbi həzrət Peyğəmbərin fövqəltəbii bir gücdən faydalanması olmuşdur. Kimsə iddia etmir ki, həzrət Peyğəmbər (s) öz vücudunun enerjisi ilə belə bir işi görmüşdür. Əgər belə bir iddia olmuş olsaydı, uyğun hadisəni şübhə altına almağa dəyərdi.
Amma başqa bir sualı da cavablandırmaq lazım gəlir ki, ayın yenidən birləşməsi mümkündürmü? Qeyd etməliyik ki, əgər parçalama amili şiddətli olmazsa, parçalanan kütlənin hissələri ətrafa səpilməz. Parçalanmış ayın yenidən birləşməsi həmin parçalanmış hissələrin cazibəsinin təsirindən də baş verə bilər. Nyutonun məşhur cazibə qanununa əsasən, cismlər bir-birlərini cəzb edirlər. Onların arasındakı fasilə azaldıqca aralarındakı cazibə qüvvəsi də çoxalır. Ona görə də ayın parçalanmış hissələrinin arasında məsafənin az olması onun tez bir vaxtda yenidən birləşməsini təmin edə bilər. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Şəqqül-qəmər hadisəsində elmin qəbul etmədiyi heç bir nöqtə yoxdur.
2. Şəqqül-qəmər hadisəsinin baş verməsinin əsas dəlillərindən biri Qurani-kərimin “Qəmər” surəsinin ilk ayələridir: “Qiyamət yaxınlaşdı, ay parçalandı; əgər müşriklər bir möcüzə görsələr üz döndərib deyərlər: “Bu uzun müddət davam edən bir sehrdir.” Onlar (ayın parçalanmasını) təkzib etdilər və nəfs istəklərinə uydular. Halbuki, hər bir iş qərarlaşdırılmışdır.”
Şiə və sünni təfsirçiləri qəti şəkildə bildirirlər ki, yuxarıdakı ayələr Şəqqül-qəmər hadisəsinə işarədir. “Təfsire-bəyan”, “Məcməul-bəyan”, “Əbul-Futuh Razi”, “Minhаcus-Sadiqin”, “Safi”, “Bürhan”, “Nurus-səqələyn” kimi şiə, “Təfsire-Təbəri”, “Dürrül-mənsur”, “Fəxre-razi”, kimi sünni təfsirlərində həzrət Peyğəmbərin möcüzə olaraq ayı parçalaması təsdiq edilir.
Mərhum Təbərsi uyğun ayələr haqqında buyurur: “Bütün təfsirçilər bu ayəni həzrət Peyğəmbərin dövründə Şəqqül-qəmər möcüzəsinə aid bilirlər.” Sünni təfsirçisi Fəxri Razi uyğun ayələr haqqında deyir: “Bütün təfsirçilər bu əqidədədirlər ki, ayələrdə Peyğəmbər dövründə ayın parçalanması hadisəsindən danışılır.” Bundan əlavə, şiə və sünni rəvayət kitablarında qırxdan çox rəvayətdə Şəqqül-qəmər hadisəsi haqqında danışılır. Bu rəvayətlərin əksəriyyətində bildirilir ki, yuxarıdakı ayələr Şəqqül-qəmər hadisəsi ilə bağlı nazil olmuşdur. Demək, yuxarıdakı ayələr belə bir möcüzənin baş verdiyini təsdiq etdiyindən şübhəyə yer qalmır.
3. Zikr olunmuş ayə və rəvayətlərdən məlum olur ki, həzrət Peyğəmbərin dövründə müşriklərin istəyi ilə belə bir möcüzə baş vermişdir. Yəni Allahın qüdrəti ilə ay parçalanmış və yenidən əvvəlki halına qayıtmışdır.
Bu hadisənin necə baş verməsi bəzi kitablarda nəql olunsa da, bu barədə geniş araşdırmalara ehtiyac var. Amma hadisənin necə baş verməsi bir o qədər də zəruri olmadığından, deyilənlərlə kifayətlənirik.
İndi isə bu məsələ ilə bağlı bəzilərində şübhə yaradan məqama aydınlıq gətirək: Bəziləri iddia edirlər ki, əgər Şəqqül-qəmər hadisəsi həqiqət olsaydı, o, dünya tarixində qeyd olunmalı idi. Hansı ki, tarixi nəzərdən keçirərkən belə bir hadisə ilə rastlaşmırıq.
Bu iradın cavabını yetərincə aydınlaşdırmaq üçün aşağıdakı məsələni nəzərdən keçirmək lazımdır:
1. Nəzərdən qaçırmamalıyıq ki, ay bütün yer üzündə görünmür. Onu yalnız yerin yarı hissəsində görmək mümkündür.
2. Yerin ay görünən yarımkürəsində də səmada baş verən hadisələri bütün insanlar izləyə bilmir. Çünki gecə keçəndən sonra əksəriyyət yuxuda olur. Belə ki, yer kürəsinin dörd bir hissəsində uyğun hadisə müşahidə oluna bilər.
3. Belə də ola bilər ki, hadisə baş verən zaman yarımkürənin bir çox hissəsində səma buludlu olsun və ay buludların arxasında qalsın.
4. Səmadakı hadisələr yalnız o vaxt insanların diqqətini cəlb edir ki, ya şimşək kimi gurultulu olsun, ya da günəş tutulması kimi, hadisə işığın azalması ilə müşayiət edilsin. Hətta belə vaxtlarda da hadisə uzun müddət davam etdikdə insanların diqqətini cəlb edir.
Amma ayın heç bir gurultu, işığın azalması olmadan parçalanması, sonra isə birləşməsi az adamın diqqətini cəlb edə bilər. Özünüz düşünün, adi vaxtlarda hətta aydın bir gecədə göydə bədrlənmiş aya nəzər salıb onun vəziyyətini izləyirikmi?!
5. Hadisə baş verən dövrdə tarixi hadisələr indiki kimi dəqiq izlənilmirdi. Qədim dövrlərdə, təbii ki, informasiya bugünkü sürətlə ötürülmürdü.
6. Qədim tarixdə qaranlıq nöqtələr çoxdur və keçmişdə baş verən hadisələrin heç də hamısı qeydə alınmamışdır. Məsələn, Zərdüşt böyük tarixi şəxsiyyət olmasına, dünyanın əhəmiyyətli bir hissəsində tanınmasına baxmayaraq, bu gün onun anadan olduğu tarix və yer məlum deyil.
O dövrün inkişaf etmiş ölkələrində mühüm tarixi hadisələrin qeydə alınmaması təəccüb doğurmamalıdır. Bu hadisənin də bir çox başqa hadisələr kimi tarixə düşməməsi normal sayılmalıdır.
Eləcə də, tarixçilər bütün hadisələri qeyd etmək fikrində olmamışlar. Bəşər tarixində baş vermiş dəhşətli zəlzələlərin, tufanların, quraqlıqların yaşayış məntəqələrini viran qoyması tarixdə qeyd edilməsə də, inkarolunmaz bir gerçəklikdir.
Əgər Təbərinin təfsirinə müraciət etsəniz, görərsiniz ki, təqribən 30 rəvayətdə “Şəqqül-qəmər” hadisəsi yad edilmişdir. Amma həmin bu təfsiri yazan Təbəri öz tarixi əsərlərində Şəqqül-qəmər hadisəsini qeyd etməmişdir. Bütün bunları nəzərə alaraq, uyğun hadisənin tarixdə qeyd edilməməsinə təəccüblənməməliyik. Hər hansı hadisənin tarixdə qeydə alınmaması onu baş verməməsi demək deyil.
Bununla belə, bəzi alimlər bildirirlər ki, Şəqqül-qəmər hadisəsi bəzi tarixi mənbələrdə qeyd olunmuşdur. Məsələn, “Tarixe-fereşte” əsərinin 11-ci məqaləsində qeyd olunur ki, Hindistanın Milbar əhli şəqqül-qəmər hadisəsini müşahidə etmişdir və yazılı olaraq qeydə almışdır. Mənbədə verilən məlumata görə həmin şəhərin hakimi bu hadisə ilə bağlı araşdırma aparmış və əmin olmuşdur ki, uyğun hadisə son Peyğəmbərin möcüzəsidir. Həmin hakim İslam dinini qəbul etmişdir. Deyilənləri nəzərə alaraq, Şəqqül-qəmər hadisəsinin tarixə düşməməsi fikrindən daşınmalıyıq.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter