Həzrət Yunİs (ə) məsumdursa nədən səbrsİzlİk etdİ?


Qurani-Kərim Həzrəti Yunisin (ə) qissəsini belə nəql edir:
«وَ ذَا النُّونِ إِذْ ذَهَبَ مُغاضِباً فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنادى فِي الظُّلُماتِ أَنْ لا إِلهَ إِلاّ أَنْتَ سُبْحانَكَ إِنِّي كُنْتُ مِنَ الظّالِمِينَ»؛
“Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbrsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetmə-yəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir Tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)” - deyib dua etmişdi. (Ənbiya surəsi, 87-ci ayə)
Həzrəti Yunis (ə) neçə il öz tayfasını doğru yola hidayət etdi. Amma onlar iman gətirmədilər və onun peyğəmbərliyini qəbul etmədilər. Buna görə də, o, öz qövmünü nifrin edərək əsəbli halda şəhəri tərk etdi. O, həmin an elə güman edirdi ki, Allah onun bu əməlinə görə cəzalandırmayacaq. Onun bu hərəkəti Allahın izni olmadan olduğuna görə (baxmayaraq ki, o işdən də çəkindiril-məmişdi) yaxşı əməl sayılmırdı. Yaxşı olardı ki, o Həzrət, həmin an səbr edəydi və Allahın xüsusi göstərişi əsasında (əgər lazım olsaydı) hicrət edərdi. «Tərki ovla» (yaxşını tərk etmə) baxımından bir sıra müsibətlər onun başına gəldi. Deməli, Həzrəti Yunisin (ə) gördüyü iş nə şəri hökm cəhətdən bir günah, nə də ağlın hökmünə zidd idi. Bəlkə, sadəcə onun məqamına yaraşmaz hərəkət idi. Əgər adi bir insan şəhəri tərk etsəydi heç bir cəzası olmazdı. Ancaq Allah Yunisi (ə) ona görə cəzalandırdı ki, özünün böyük peyğəmbərlik məqamını nəzərə alaraq bir daha belə işlər görməsin. Allahın dərgahına tövbə edərək bu qəflətin bütün əsərlərini aradan aparsın.

“Yunis” surəsinin 94-cü ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurulur:
“Əgər sənin, Bizim sənə nazil etdiyimizdə şəkkin olsa, səndən qabaq kitab oxuyan şəxslərdən soruş. Həqiqətən, Rəbbin tərəfindən sənə doğru haqq gəlmişdir. Şəkk-şübhə edənlərdən əsla olma.”
“Bəqərə” surəsinin 147-ci, “Ali-İmran” surəsinin 60-cı, “Ənam” surəsinin 114-cü, “Hud” surəsinin 17-ci, “Səcdə” surəsinin 23-cü ayələrində də o Həzrət (s) şəkk və tərəddüddən çəkindirilmişdir. Necə demək olar ki, vəhy idrakında şəkk və tərəddüdə yer yoxdur?
Cavabı budur ki, bu ayələr o Həzrətin (s) şəkkə düşməsinə dəlalət etmir. Əksinə bunu çatdırmaq istəyir ki, onun risaləti, Quranın haqq olması və onun məzmunu barəsində şəkk və tərəddüdə yer yoxdur. Həqiqətdə bu cür xitablar bizim xalq arasında “qızım sənə deyirəm, gəlinim sən eşit” atalar sözünə bənzəyir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter