Həzrət Abbasa (ə) xas olan 4 xüsusiyyətlər hansılardır?


Abbas ibni Əli (ə) elə bir mənəvi dərəcədə olan insan idi ki, onu qalan şəhidlərdən daha yuxarı məqama çatdırmışdı.

İmam Sadiq (ə) onun barəsində buyurur: “Peyğəmbərin (s) yadigarı olduğu üçün Həzrətin (ə) təsliminə, təsdiqinə, vəfasına, xeyirxahlığına şəhadət verirəm”.



Bu nurani hədisdə Həzrət Abbasın (ə) dörd mühüm xüsusiyyəti bəyan edilmişdir ki, onlara nəzər salaq.

1. Təslim məqamı. Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.

Rza məqamında olan insan həmçinin özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər və razı olar. Səbir məqamı ilə rza məqamının fərqi bundadır ki, insan səbir məqamında acıları görər, ancaq savaba çatmaq üçün səbir edər. Ancaq rza məqamında olan insan heç bir zaman acı görməz. Gördüyü hər şey gözəl və şirindir. Çünki Məhbubu tərəfindəndir.

Təslim məqamı isə elə bir məqamdır ki, rza məqamından da yüksəkdir. Təslim məqamında insan artıq özünü görməz ki, desin, mən bunu bəyənirəm. Hər nəyi varsa – Allaha təslimdir, gördüyü ancaq Allahdır. (Həvzəh)


2. Təsdiq məqamı. Təslim məqamında olan insan yaxşı bilir ki, kimin vilayətini təsdiq etmək lazımdır. Ona görə də İmam (ə) nə buyurarsa, hamısını haqq bilər.

3. Vəfa məqamı. Allah həqiqi möminlərin sifətlərini sayan zaman, buyurur: “Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tövhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar”. (“Rəd” 20).

4. Xeyirxahlıq məqamı. Xeyirxahlığın kökündə ixlas gizlənmişdir. Hər kimin ixlası olar, o, hamıya qarşı xeyirxah olar. Həzrət Abbasın (ə) su gətirməsi hekayəsi elə xeyirxahlıq məqamının təsdiqi üçün kifayətdir.
Bu səbəbdəndir ki, Həzrət Abbas o şəhidlərdəndir ki, Qiyamət günü hətta bütün şəhidlər onun məqamına qibtə aparacaqlar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter