İsmət elmdənmİ yaranır?


Bizim bilgilərimizin bir çoxu naqis və qeyri dəqiq nəzəri elm toplusudur. Nəzəri elm təklikdə insana günahlar qarşısında müqavimət göstərmək üçün əzmkar iradə verə bilməz. Bu elm insanı nə qədər gücləndirsə də şeytanın tələlərindən tam xilas etmək gücünə malik deyildir. Həqiqi alim də o kəsdir ki, hər zaman və hər halda özünü Allahın hüzurunda hiss edir, Allahı hər an öz üzərində nəzarətçi hesab edir. Buna görə də o, Allahın çəkindirdiyi günahı törətməkdən həya edir. Bu elm nəzəri elm deyil, bəlkə hüzuri və yəqini elmdir ki, şəxsə hər zaman Allahın hüzurunda olmağı xatırladır. Ayətullah Cavadi Amuli bu barədə yazır: «İsmət, yəqini bir elmdir ki, insanı günahdan saxlayar. Yəqinin əsası nəzəri əqldən qaynaqlanır. Günahdan çəkinmək isə elmi əqlə söykənir. Kamil isməti qazanmaq yəqinə yetişmədən mümkün deyildir...».
Başqa sözlə desək insan yəqini və hüzuri elmdə günahın həqiqətini görüb onun acı nəticəsi olan yandırıcı əzabı hiss edir. Allahın qəzəbinə düçar olmamaq üçün onlardan uzaq olur. Necə ki, bizim heç birimiz ölmüş bir insanın ətini yeməyə hazır olmarıq. Əgər hüzuri elmimizlə möminin qeybətini etməyin ölmüş qardaşının ətini yeməyi qədər pis olduğunu yəqin etsək və bu çirkin əməlin qarşısında əbədi yandırıcı odla nəticələnəcəyini bilsək o zaman bütün vücudumuzla o işlərdən uzaq olarıq. Deməli, mühüm olanı bu elmi əldə etməkdir. O da çox zəhmət, nəfslə mübarizə və ibadət tələb edir. Məsum insanın digər mömin insanlarla fərqi ondan ibarətdir ki, məsumlarda yəqini elm daimidir. Onlar hər zaman özlərini Allahın hüzurunda görürlər, lakin adi möminlər isə gah “Hüzuri” elmə və gah da “Hüsuli” elmə sahib olurlar. Bunun üçün də qəflət onlara qələbə çalır və nəticədə onlar günah və xətaya düçar olurlar. Hər bir kəs bir həddə təqva əhlidir. Gah şəhvət hisslərinə aşırı meyl göstərmək, onlardakı təqvanın və harama meylliliyin artmasına səbəb olur. Amma məsum insan elə bir elmə malikdir ki, müəyyən səbəblər üzündən qəflətə məğlub olmur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter