İmam Zaman (ə.f) ağanın etibar etdiyi bu insanları tanıyırıqmı?


İmam Zaman (ə.f) ağa iki qeyb dövrü yaşayıb. Kiçik (suğa) və böyük (kubra). Kiçik qeyb dövrü məşhur rəyə görə 69 il olub. Bu zaman Həzrət İmam (ə.f) indiki kimi gözlərədn qaib olmayıb, onun o zamanlar dörd xas naibi olub ki, onlar İmamla şiələr arasında vasitə olublar. O dörd xas naib zaman etibariylə aşağıdakı kimi sıralanır:

1. Osman ibn Səid Əmri. Bəni Əsəd qəbiləsindən olub, şiələr tərəfindən \"Səmman\" (yağ satan) deyə çağırılıb. Öz məxfiliyini qoruyub saxlamaq naminə bu adla məşhurlaşıb. O, İmam Zamandan əvvəl atası Həzrət İmam Həsən Əskəri (ə)-ın naibi idi və İmama çatacaq əşyaları şiələrdən alaraq yağ qabılarına qoyub İmama çatdırardı. İmam Zamanın (ə.f) babası İmam Əliyyən Nəqi (ə)-ın Osman ibn Səid Əmri barəsində \"Bu Əbu Əmr inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır\" deməsi tarixdə məşhurdur. Vəfat raxiri ixtilaflıdır. Hicri qəməri tarixiylə 260, 267, yaxud 280-cı ildə dünyasını dəyişdiyi qeyd edilib. Bu zamana qədər İmam Zaman (ə.f)-ə ilk xüsusi naiblik vəzifəsini yerinə yetirib.

2. Muhəmməd ibn Osman ibn Səid Əmri. Birinci xas naibin oğlu olmuş, atasının vəfatından sonra naiblik vəzifəsini öz üzərinə götürmüşdür. İmam Zaman (ə.f) İshaq ibn Yəqubun məktubundakı suallara cavab verərkən belə buyurub: \"Allah Muhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.\" Muhəmməd ibn Osman atasının vəfat etdiyi andan etibarən 40 il müddətində xas naib olmaq şərəfinə nail olmuşdur. 304, ya 305 hicri ilində vəfat etmişdir.

3. Əbülqasim Hüseyn ibn Ruh Nubəxti. İmam Zamanın (ə.f) üçüncü xas naibi olmuşdur. O da çox etibarlı bir insan olmuşdur. Hələ ikinci naib Muhəmməd ibn Osman ibn Səid Əmri sağlığında onun barəsində belə demişdir: \"Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nubəxti olacaq. Bundna sonra ona müraciət edin və işlərinizə ona etibar edin.\" 21 il naiblik etdikdən sonra hicrətin 326-cı ilində vəfat edir.

4. Əli ibn Muhəmməd Səməri. Dördüncü naib də üçüncü naibin vasitəsiylə məlu olur. 3 il müddətində İmama naiblik edir və hicrətin 329-cu ilində yəni böyük qeybət dövrünün başlanğıcında dünyadan gedir./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter