Haqqa çatmaq üçün hansı kİtabı məsləhət görürsünüz?


CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Məktubunuz çatdı və onun məzmunundan məlumat hasil oldu. Əxlaqı paklamaq və sizin sözünüzlə desək, Allaha tərəf getmək üçün göstəriş istəmisiniz. Yadınıza salıram ki, İslam təlimlərinə, vacib və müstəhəbbə əməl etmək, haram və məkruhdan çəkinmək haqqa tərəf getmək deməkdir.
Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəkətdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır. İbadi təlimlər, namaz, həcc, oruc, dua, Quran oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək, rəvayətdə (Muəlla ibni Xuneysin rəvayətində) deyildiyi həddə din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qurani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.
Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Quranın təfsirləri və hədis kitablarında göstərilmişdir. Şeyx və rəhbərə ehtiyac yoxdur. Ustad Quran və Əhli-beytdən olan hədislərdir.
Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şəri vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun səfərdə ola bilər. Lakin «...qafillərdən olma...» (Əraf-205) ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.
İslam təlimlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.
Yaxşıya dəvəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir. İşarə etdiyiniz həmin firqədən qorunun. Həmin yol küfr və şirkə aparır. Onların rəhbərlikdə məqsədi xalqı azdırmaqdır.
Qardaşcasına nəsihət edirəm: əvvəl vaxtda namaz qılmaqla, dilinizi qorumaqla, deyilən proqramlara baxmaqla, elə öz ayağınızla Allaha tərəf getsəniz, Ona yaxın olarsınız.
«Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir» (Ənkəbut-69).
Mən sizin müvəffəqiyyət qazanmağınız və imanınızın şeytanların vəsvəsəsindən qorunması üçün dua edirəm. Siz də məni unutmayın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter