İnsan «tələskənlİkdən» yaradılıb?


Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».
Təfsirçilər uyğun ayənin heç də hamıya şamil olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və ya cahil insanlar nəzərdə tutulur. Bu ayə bir növ təkiddir. Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb.
Ətrafınıza diqqətlə nəzər salın. Əksər adi insanlar tələsir. İstər xeyir iş olsun, istərsə də şər iş, onlarda hövsələsizlik müşahidə olunur. Hətta günaha batmış insanlara «Allahın qəzəbinə gələrsən» deyəndə, «bəs bu əzab nə üçün gecikir»-deyə soruşurlar. Onların cavabında Allah-təala buyurur: «Ayələrimi sizə göstərəcəyəm, Məni tələsdirməyin».(«Ənbiya» surəsi, ayə 37.) Burada ayə əzab, bəla mənasında işlənmişdir.
Tələskənlik insan talehi üçün o qədər təhlükəlidir ki, hətta onu əbədi axirət səadətindən məhrum edə bilər. Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında tələsməklə həyatını əldən verir, əkinçi toxumu vaxtından əvvəl səpməklə, məhsuldan məhrum olur, insan özünə həyat yoldaşı seçərkən tələsməklə, ailə həyatını zəhərə döndərir, oruc tutan insan azanın vaxtını gözləməkdə tələsməklə, gün uzunu çəkdiyi zəhməti bada verir. Ona görə də, İslam dini öz ardıcıllarını səbrə dəvət edir. Əksər ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter