NƏ SƏBƏBDƏN ƏHLİ-BEYTƏ (Ə) SƏDƏQƏ HARAMDIR?


Quran və hədis təlimlərində sədəqənin xüsusi əhəmiyyəti vardır. İslam dini sədəqə verməyə çox dəyər vermiş və müxtəlif münasibətlərdə onu verməyi tövsiyə etmişdir. (Tebyan)
Sədəqə iki cür olur:
1. Vacib sədəqə - zəkat kimi. Zəkat ümumi işlərdə istifadə edilər.
2. Müstəhəb sədəqə. Bu gün sədəqə sözü ona şamil edilir. Bu sədəqə yoxsullara çatar.

Əlbəttə, bəzən sədəqə nəzir vasitəsilə vacib olur. Belə ki, insan nəzir edir ki, əgər hacəti yerinə yetərsə, malının filan qədərini sədəqə verəcəkdir. Bu zaman sədəqə, qoyduğu şərtdən asılıdır. Hər nə qədərini nəzir edibsə, o qədərini sədəqə verməlidir.
Sədəqini verməyin səbəblərindən biri də budur ki, ehtiyacı olan insanların ehtiyacı ödənsin. Əgər kiməsə sədəqə verərlərsə, niyyət onun ehtiyacını aradan qaldırmaq olar. Ancaq ehtiyaclı olmaq nübuvvətə və İmamətə yaraşmaz. Çünki həm Peyğəmbər (s), həm də İmamlar (ə) insanların malından ehtiyacsızdırlar. Ona görə də sədəqə onlara haram olmuşdur.
“Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir”. (“Tövbə” 60).
Hədislərdən belə nəticəyə gəlmək olur ki, sədəqə əslində insanların ehtiyacı olmayan şeylərini verməsidir. Ona görə də belə bir mal Peyğəmbər (s) nəsli üçün layiqli deyildir. Hədislərin birində oxuyuruq: “Sədəqə mənim və Əhli-beytim (ə) üçün halal hesab edilməmişdir. Çünki sədəqə əlin kiridir”.
“Allah bizim üçün sədəqədən pay qoymamışdır. Çünki, Allah Peyğəmbərini (s) və ailəsini əziz və dəyərli tutmuşdur ki, insanların əlinin kirindən qidalanmayaq”.
Hədislərdə oxuyuruq ki, əgər bir müsəlman sədəqə niyyətilə İmama (ə) bir şey verərsə, deməli düzgün imana malik deyildir. İmam Sadiq (ə) buyurur: “O kəs ki, bu əqidədə olar ki, İmamın insanların əlində olana ehtiyacı var, kafirdir. Bəlkə insanlar ehtiyac duymalıdırlar ki, İmam (xümsü) onlardan qəbul etsin. Çünki Allah Təala buyurur: “(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir”. (“Tövbə” 103).
Tarixdə oxuyuruq ki, Səlman Farsi Peyğəmbərlə (s) ilk görüşən zaman özü ilə bir qədər yemək gətirmişdi. Həzrət Peyğəmbərin (s) ətrafında ehtiyacı olan insanlar çox idi. Səlman bu yeməyi Peyğəmbərə (s) verir. Həzrət (s) buyurur: “Əgər sədəqədirsə, səhabələrə ver. Əgər hədiyyədirsə, onu alaram”. Səlman bu sözü nə üçün dediyini soruşan zaman Peyğəmbərimiz (s) buyurur: “Bu növ sədəqləri ehtiyacı olanlara gətirirlər. Mənim üçün haramdır”.
İkinci görüşdə Səlman gətirdiyi şeyi hədiyyə niyyətilə verir. Həzrətə (s) deyir ki, sədəqə niyyəti etməmişəm və sizə hədiyyə verirəm. Həzrət Peyğəmbər (s) də bu hədiyyəni qəbul edir və səhabələri ilə bir yerdə yeyir. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter