Mömİnİn qəzəbİ necə olmalıdır?


Qəzəb - insan üçün ən təhlükəli hallardan biridir. Əgər onun qarşısı alınmazsa, insan hər cür ruhi xəstəliklərə düçar ola bilər. Bir çox cinayətlər əsəbi kontrol etməməyə görə baş verir. Nəticədə də insan bir ömür boyu onun kəffarəsini verər.
İnsanları nəfsani hallarına görə üç hissəyə bölmək olar:
1. O insanlar ki, əsəbləşən zaman ifrat edirlər. İman həddindən çıxırlar. Bu cür insanlar həmişə öz nalayiq rəftarlarının cəzasını çəkərlər. Peşmançılıq onlara fayda verməz.
2. O insanlar ki, əskər hallarda əsəbləşmirlər. Əslində əsəb qüvvəsindən heç istifadə etmirlər. O yerdə ki, ağılları və dinləri əsəbləşməklərini söyləyir, heç bir hərəkət etmirlər. Bu insanlar əsəbi insanlardan daha pisdirlər. Bu cür insanlara laqeyd və şəxsiyyətsiz insanlar deyilir.
3. O insanlar ki, varlıqlarının kamala çatmasına görə əsəbləşərlər. Mötədil insanlardır, heç bir zaman həddi aşmırlar. Onların möhkəm imanı və özlərinə inamı vardır. Əsəbələşən zaman nəfslərinə hakim ola bilirlər. Bütün bədənləri ağıllarının hakimiyyəti altındandır.
Allah öz saleh bəndələri haqqında buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).
İmam Sadiq (ə) buyurur: “Ey Ali-Muhəmməd (s) davamçıları! Bilin ki, o kəs ki, əsəbləşən zaman özünü saxlamazsa, ünisyyətdə, yoldaşlıqda, qonşuluqda bəyənilmiş rəftara malik olmazsa, bizdən deyildir”.
Mömin güzəşt etməyi bacarmalıdır. O kəs ki, güzəşt etməz, nəinki özünün və başqalarının həyatını narahat edər, həm də böyük günahlara düçar olar. Ona görə də Məsumlar (ə) bizə güzəşt etməyi həmişə tövsiyə etmişdilər. Onu təqva ilə bir sıraya qoymuşdular. Təqva isə insanın günahdan qalxanıdır. Məsumlar (ə) buyurur ki, güzəşt olmadan hətta heç bir yaxşı əməl kamala çatmaz.
İki müsəlmanın küsməsi güzəşt etməyi bacarmamağın nəticəsidir. Bu da onların yaxşı əməllərinin qəbul olmasının qarşısını alar. Peyğəmbər (s) Əbu Zərə buyurur: “Ey Əbuzər! Qardaşından ayrılmaqdan və onu tərk etməkdən çəkin ki, bu halda yaxşı əməllər qəbul olmaz”.
Əfv və güzəşt etmək cəmiyyətdə vəhdət yaradar, sevgi və ülfəti artırar. İslam rəva bilmir ki, iki müsəlman bir-birindən küssün və ayrı qalsın.
İmam Baqir (ə) buyurur: “Nə zaman iki mömin üç gündən çox bağlarını qopardarlar, üçüncü günü onların hər ikisindən bezar olaram”. Soruşurlar ki, bəs məzlumun nə günahı var? Buyurur: “Niyə məzlum zalımın yanına getmir və ona demir ki, mən zülm etmişəm”.
Ona görə də mömin insan hər bir sahədə mötədil olduğu kimi, əsəbləşən zaman da mötədil olmaldır. Öz əsəbini kontrol etməyi bacarmalıdır. Əfv və güzəşt etmək onun ən üstün sifətlərindəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter