QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ hansı mənaları verİr?


QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ

Lüğət alimlərinin qeyd etdikləri kimi, “İmam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bə’zən “İmam cümə”, ”İmam camaat”, “hidayət İmamı”, bəzən də “zəlalət İmamı” kimi müəyyən mənalar nəzərdə tutulur.
(“Ət-təhqiq”, “əmm” kökü.)
Bu söz əslində “niyyət etmək” mə’nasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “İmam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “İmam” sözünün bir çox mə’naları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mə’naların batinində müəyyən məqsədlə niyyət etmək mə’nası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mə’nasında İmam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qur’ani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilmişdir:
كُلَّ شَيْءٍ اَحْصَيْنَاهُ فِى إِمامٍ مُبِينٍ
“Hər bir şeyi aşkar İmamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!”( “Yasin” surəsi, ayə: 12.)
Başqa bir ayədə bu söz yol mənasında işlədilir:
وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!”
(“Hicr” surəsi, ayə: 78.)
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Qur’anın başqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və qabaqcıl şəriət olan Tövrata işarə edilir və buyurulur:
وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً
“Bundan qabaq Musanın kitabı onlara rəhbər və rəhmət idi.”
(“Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17)
Bu söz beş ayədə ilahi və saleh rəhbərlərə aid edilmişdir. O cümlədən:
قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا
“Allah İbrahimə buyurdu: “Mən səni insanlara İmam tə’yin etdim!” (“Bəqərə” surəsi, ayə: 124.)
Başqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur:
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا
“Biz onları öz əmrimizlə (camaatı ) doğru yola yönəldən İmamlar və qabaqcıllar tə’yin etdik!”( “Ənbiya” surəsi, ayə: 73)
Ümumi mə’nada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” surəsinin 5-ci və “Səcdə” surəsinin 24-cü ayələrində də müşahidə olunur.
Başqa bir ayədə isə küfr və zəlalət rəhbərləri nəzərdə tutulur. Ayədə buyurulur:
فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ
“Belə isə küfr rəhbərləri ilə döyüşün!”( “Tövbə” surəsi, ayə: 12)
Digər bir ayədə geniş mə’nada həm hidayət, həm də zəlalət rəhbərlərinə işarə olunur və buyurulur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
“O gün (qiyamətdə) hər tayfanı öz rəhbərləri ilə birgə çağıracağıq!” (“İsra” surəsi, ayə: 71)
Ümumiyyətlə, Qurani-kərimdə “İmam” sözü müxtəlif mənalarda on iki dəfə işlədilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter