ÖLÜMƏ HAZIR OLMAQ NƏ DEMƏKDİR?



Ölüm nədir? Zahirdə – bir fizioloji prosesdir ki, insan həyatının dayanması ilə səciyyələnir. Hamı qəbul edir ki, bir gün gedəcək. Amma gedəndə nə vəziyyətdə gedəcək? Əbədi həyata nə sifətdə daxil olacaq?

İslam Peyğəmbərindən (s) nəql edirlər: «Ölüm – möminin xoş ətirli gül çələngidir».

Digər hədisdə Rəsuli-Əkrəmdən (s) nəql edirlər: «Ölüm – möminin hədiyyəsidir».

İmam Cəfər Sadiq (ə) «Yunis» surəsinin 64-cü ayəsi haqqında buyurmuşdur: «Ölüm vaxtı Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) ona (möminə) cənnət müjdəsi verərlər».

Dediyimiz kimi, ölümün olacağını hamı bilir. Bəs əqlani yanaşma bu baxımdan nəyi tələb edir? Təbii ki, bu mərhələyə düzgün hazırlığı. İslam Peyğəmbəri (s) buyurmuşdur: «Gözü ölümün yolunu çəkən – yaxşı əməllər görməyə çalışar».

Ölümün qaçılmazlığını bilən və ölümlə həyatın əslində bitmədiyinin, əksinə, yeni bir həyat mərhələsinin başlanmasının fərqinə varan və bu yeni həyatın necəliyinin məhz əməllərə görə sorğu-sualdan asılı olduğunu anlayan insan, buna müvafiq hərəkətlər edər. Yaxşı əməllər etməyə çalışar. Əlbəttə ki, özünü aldatmaq istəyən insanlar başqa. Belələri ölüm barədə fikirləşmək istəmir, belə xəyalları özlərindən qovurlar. Çünki, bu barədə olan düşüncələr, insanı keyfiyyətcə başqa əməllər yerinə yetirməyə vadar edər. Həzrət Əli (ə) buyurur: «Hər gün ömrünün və canının azaldığını görən və bununla belə ölümlə ölümə hazırlaşmayan kimsəyə heyrət edirəm».

Dinimiz insanı mənasız ömür sürməkdən çəkindirir. Mənasız həyatın mənasız ölümlə sonuclanması barədə xəbər verir. Şərəfli həyatın isə ən gözəl sonu – şərəfli olaraq həyatla vidalaşma gözləyir insanı. Və ən şərəfli ölüm – İmam Hüseyn (ə) tək İlahi amallar yolunda canını qurban verməkdir. Rəsuli-Əkrəm (ə) buyurur: «Ən şərəfli ölüm – şəhadətdir».

Digər hədisdə İslam Peytğəmbəri (s), Allah yolunda canını verməyin şərəfliliyini vurğulayaraq, buyurur: «İstəyirəm Allah yolunda vuruşum-çarpışım və öldürülüm, yenə vuruşum-çarpışım və öldürülüm və yenə də vuruşum-çarpışım və öldürülüm».

Çarpışmaq, vuruşmaq təkcə cəng meydanında deyil ki. Elm, bilik, inkişaf, tərbiyə, mədəniyyət – hər nə insanın və insanlığını tərəqqisinə xidmət edirsə, hamısının yolunda səy etmək gözəldir. İstər fərdi, istər ailə, istərsə də ictimai müstəvidə nə qədər gözəl işlər görə bilər insan, və nəqədərini görür?! Hər bir kəs özünə bu sualı ünvanlamalıdır. Bəxtəvərdir o insan ki, Allaha bəndəliyin nə olduğunu anlayır və bunu edir.

Nədir burada önəmli nöqtə? İnsan üzərinə düşən bütün vəzifələri yerinə yetirir və bunun ixlasla bu işi yerinə yetirməyindən narahat olanlar onu öldürürlər. Şərəfli bir ölümdür – insanın öz borcunu yerinə yetirməsi o qədər narahatedicidir ki, onun həyatına qəsd edirlər. Bu elm meydanında da ola bilər, yaradıcılıq meydanında ola bilər, jurnalistika meydanında da ola bilər, müharibə meydanında da ola bilər, digər meydanlarda da ola bilər. Şərəfli məqamı nə qədər yüksəkdədir və nə qədər əhəmiyyətlidir ki, insanın həqiqi dəyərlər yolunda sadəcə mövcudiyyətinə belə, mənfi yolun yolçuları dözə bilmir.

Beləliklə, dinimizin nəzərində ölümə hazırlaşmaq – nəcib həyat sürmək, ətrafa nur yaymaq, insanlara yaxşılıq etmək - Qiyamət sorğusunun asanlığını dünyadaykən təmin etmək deməkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter