İnsan yer üzünə nə üçün gəlmişdir?
İnsan xilqətin lap əvvəlində Yer kürəsində Allahın xəlifəsi olmaq üçün yaradılmışdır. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30). Ona görə də insan Yer kürəsinə gəlmək üçün xəlq edilmişdir. Başqa bir tərəfdən isə Həzrət Adəm (ə) və Həvvanın (ə) olduğu cənnət əbədi cənnət deyildi. (Tebyan) Çünki hər kim əbədi cənnətə daxil olar, heç bir zaman oradan xaric olmaz.
Çətinliklərdən xilas olmağın 4 yolu hansılardır?
“Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbir etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür”. (“Rəd” 22). İnsan həyatda müvəffəq olmaq üçün bəzi yolları və qaydaları bilməlidir ki, onların yardımı ilə xoşbəxtliyi əldə edə bilsin. Həyat məharətləri hər bir insana lazımdır və insan onların vasitəsilə ətrafında olanlarla necə rəftar edəcəyini bilər. (Tebyan) Allah yuxarıdakı ayədə bizlərə çətinlikdən xilas olmağın 4 yolunu tanıdır ki, onlara işarə edəcəyik: 1. Çətinlikləri bir imtahan kimi qəbul edək. 2. Həmişə şükür etməyi bacaraq. 3. Yoxsullara yardım etmək. Ehtiyacı olanlara yardım etmək bizə həm bu dünyada və həm də axirətdə saədət gətirər. 4. Bağışlamaq asan deyildir, ancaq möcüzə yaradır. Heç kəs etiraf etməz ki, ona əziyyət edən insanı bağışlamaq asan bir işdir. Lakin öz fərdi rahatlığınızı təmin etmək və həyatda müvəffəq olmaq üçün güzəşt etmək və başqalarını bağışlamaq - tövsiyə edilən əməllərdəndir.
Özünü islah etməyə mane olan 7 amil nələrdir?
Bəzən elə olur ki, insan namaz qılır, oruc tutur, ibadət edir, lakin mənəvi məqamını qaldıra bilmir. Səbəbi budur ki, ibadəti həqiqi deyildir. Onun qarşısında maneələr vardır. O, saədət və mənəvi məqama çatmaq üçün bu maneələri tanımalıdır ki, aradan qaldıra bilsin. (Tebyan) Hər bir insanın batinində fitri hidayət mövcuddur. Hər bir insan mənəvi məqama, yəni kamala çatmaq qabilyiyətinə malikdir. Lakin buna mane olan amilləri tanısaq, onları aradan qaldıra bilərik. İmam Baqir (ə) buyurur: “Heç bir üstünlük və fəzilət cihad kimi deyildir. Heç bir cihad da qədr və məqam baxımından nəfs cihadına bərabər deyildir”. Maneələr bunlardır: 1. Günah. 2. Dünyaya bağlanmaq. 3. Nəfsani istəklərin ardınca getmək. 4. Çox yemək. 5. Çox danışmaq. 6. Özünü sevmək. 7. İradə süstlüyü.
Ruhi rahatlıq əldə etməyin 6 yolu hansılardır?
Ruhi rahatlıq dedikdə, yəni fikrin və həyatın rahatlığı nəzərdə tutulur. İslam dininin nəzərinə görə, ruhi rahatlıq əldə oluna bilən bir həqiqətdir. Bunun bir neçə yolları vardır ki, onların bəzisinə işarə edək. 1. Allahla danışmaq, ünsiyyət saxlamaq. 2. Namaz qılmaq. 3. Sileyi-rəhm. 4. Hikmətli sözlər axtarışında olmaq. 5. Əməl əhli olmaq. 6. Fürsətləri qənimət bilmək.
Həqiqi mömin olmaq üçün nə etmək lazımdır?
“Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır”. (“Ənam” 153).
Hər bir müsəlman mömin olmağa çalışır və cəhd edir. Bu yolda Məsumları (ə) özünə örnək və nümunə qərar verir. Hər bir müsəlman mömin ola bilər, bəs bunun üçün nə lazımdır? Həqiqi mömin İslam maarifində bu xüsusiyyətləri özündə cəm etməlidir: 1. Güzəşt etməyi bacarmaq. 2. Çalışmaq. 3. Allahı hər bir halda yada salmaq. 4. Qurana və Qiyamət gününə iman bəsləmək. 5. Nemətlərinə görə şükür etmək. 6. Tövbə etmək. 7. İnfaq etmək.
Şeytan hansı insanları vəsvəsəsindən amanda olaraq, tanıtdırır?
Şeytan deyib: “Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər; 2) Gecə-güdüz çoxlu zikr deyənlər; 3) Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər;
4) Müsibət zamanı səbr edənlər; 5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.
İmam Sadiqin (ə) hədisində nə əməl sahibləri cəhənnəmlikdir?
Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: “Böyük günahları bəyan edin.” Buyurdu: “Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi vəd edib:
1) Yetimin malını yemək; Bu barədə buyurub: “Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.
2) Riba; Bu barədə buyurub: “Ey möminlər! Allahdan qorxun və faizli puldan əl götürün...” 3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: “Ey möminlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...” 4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq; 5) Qəsdən mömini öldürmək.
İmam Sadiqin (ə) nəsihətlər bulağından bir hədis qeyd edin?
İmam Sadiqin (ə) İslam ümmətinə xidmət edən şəxsin məqamı haqqında buyurduğu hədisi:
Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət İmam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.
İslam Peyğəmbərinin (s) səhabələrindən on nəfərə behişt müjdəsinin verilməsi”- rəvayəti səhihdirmi?
Əhli-sünnə rəvayətlərinin mənabelərində belə bir rəvayət vardır. O cümlədən, “onluq müjdəsi” və o rəvayətdə deyilir ki: “İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on nəfərə behişt müjdəsi verib.” Amma, şiə alimləri belə bir rəvayəti qəti dəlillərlə rədd edir və rəvayətin saxta olmasını isbat edir.
Quranda bərzəx aləmi ilə bağlı məlumat varmı?
Var. Məsələn, Muminun surəsinin 99-100-cü ayələrində deyilir: “ Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni. 100. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür deyir o, deməyin nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar onların arxasında.
BƏRZƏX VƏ ƏRAF haqqında: Dünyadakı həyatın bitməsinin absolyut son olmaması, ondan sonra yeni bir həyatın – axirətin olmasına inam iman əsaslarındandır. “Axirət” sözü axır deməkdir. Amma bu mütləq son yox, bu dünyadakı həyatın axırı, insandan ilahi nəfəsin alınması, yeni bir vüsalın başlanğıcıdır. Quranda dəfələrlə “onlar ki Allaha və axirətə inanarlar” ifadəsi keçir. Yəni bir çox hallarda başqa iman əsasları sadalanmır, Allaha və ölümdən sonrakı həyata inam isə qoşa səsləndirlir. ...