Kişi öz həyat yoldaşına evdə namaz qılmağı qadağan edə bilərmi?
Cavab: Xeyr, bunu edə bilməz. Əvvəla, qadın da ailənin bir üzvüdür, evdən istifadə etmək hüququna malikdir. İkincisi, namaz qılmaq bəndənin Allah qarşısında vacib borcudur və başqa bir bəndənin bunu ona qadağan etməyə haqqı yoxdur; bu, bəşər səlahiyyətindən üstün olan bir məsələdir. Üçüncüsü, ailələrdə müşahidə edilən hallar bunu göstərir ki, adətən, kişilərin narazılığı öz həyat yoldaşının evdə namaz qılmasına deyil, ümumiyyətlə namaz qılmasına qarşı yönəlmiş olur. Əgər kişi öz həyat yoldaşına evdə namaz qılmağa icazə verməsə, bu halda onun evdən kənarda vacib namazları qılmasına mütləq icazə verməlidir...
Şəriət baxımından niyyət edib minbər altında keçmək nə qədər düzgündür?
Cavab: Minbər məscidin ən mübarək yerlərindən biridir. Minbər məsumlardan yadigar qalmış xitab yeridir. Böyük alimlər minbərdən xütbə oxuyur, insanlara halal-haramı başa salırlar. Eləcə də, ələm Kərbəla bayraqdarı Həzrət Abbasın (ə) yadigarı və simvolu sayılır. Amma bunlar əsas vermir ki, minbərlə, ələmlə bağlı mövhumat və xurafatlar edilsin. Minbərin altından (bəzən hətta iməkləyərək) keçmək, minbərə qara bağlamaq, ələmdən dəsmallar asmaq mövhumatdır. Bütün bunların dinlə əlaqəsi yoxdur. Xüsusilə, bəzən qadınların məscidə girib kişilərin gözü qabağında əyilib minbərin altından keçmələri, ağlayıb-sızlamaları yolverilməzdir.
Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?
Cavab: Namaz əməllərinin bir qismi vacib, bir qismi də müstəhəbdir. Müstəhəb əməlləri etməmək də olar, buna görə insana günah yazılmaz. Hətta vaxt darlığı üzündən və ya başqa üzürlü səbəbdən müstəhəbbatı tərk etmək daha yaxşıdır. Müstəhəb əməllərsiz namaz bu şəkildə qılına bilər: Niyyət. Təkbirətül-ehram. Fatihə və qısa surə. Rüku (3 dəfə “Sübhanallah” söyləmək kifayətdir). Səcdələr. Yerindən asılı olaraq təşəhhüd və salam (üçüncü salamı söyləmək kifayətdir). Qünut tutmaq, rüku və səcdədə artıq zikrlər və salavat söyləmək, rüku və səcdələrdən qaxandan sonra zikr söyləmək, 3 salam vermək müstəhəbdir. Tələsən və ya çoxlu qəza namazı qılan adam bunları etməsə də olar.
Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?
Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar. Ehtiyac olmadan, sadəcə maraq xatirinə gözləri sağa-sola yönəltmək namaza qarşı hörmətsizlik kimidir. Namaz qılan şəxs bacardıqca diqqətini öz ibadətinə yönəltməli və artıq hərəkətlərdən çəkinməlidir. Əlbəttə, zərurət halında, məsələn hər hansı təhlükəni qiymətləndirmək üçün qiblədən dönmədən kənara baxmaq məkruh sayılmaz.
Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?
Cavab: Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi və vacib fərq yoxdur. Mövcud fərqlər də ya müstəhəb xarakter daşıyır, ya da yerli adət-ənənəyə bağlıdır. Məsələn, el adətincə, qadınların qəbrini kişilərə nisbətən daha dərin qazırlar. Bu da qadının naməhrəmlik dərəcəsinin daha çox olması ilə əlaqədardır, yəni hər hansı səbəb (sel sularının torpağı yuması, heyvanların qəbri eşməsi və s.) üzündən qəbrin üst örtüyünün daha gec dağılması üçün belə edirlər. Qadının kəfənlənməsində də bəzi müstəhəb qaydalar vardır; belə ki, qadın cənazəsini kişiyə nisbətən daha çox parçaya bükmək müstəhəbdir. Qadını qəbrə qoyan şəxs də ona məhrəm olanların içindən seçilir. Qadın cənazəsini qəbrə qoyarkən və təlqin oxuyarkən məzarın üstünü parça ilə örtüb kənarlarını torpağa sıxırlar ki, naməhrəmlər cənazəni görməsinlər. Bir daha təkrar edirik ki, bunların hamısı müstəhəb qaydalardır.
Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?
Cavab: Kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda İmam-camaat kişi olmalıdır. Əlbəttə, kişidə İmam-camaatın şərtlərinin olması da lazımdır. Əgər qadın namazda kişiyə iqtida edərsə, ondan arxada durmalıdır. Ehtiyata görə, ən azından, qadının səcdə yeri kişinin dizləri bərabərindən arxada qalmalıdır. Yəni kişinin səcdə zamanı dizlərini qoyduğu yerdən xəyali xətt çəkilsə, qadının səcdədə alnını qoyduğu yer o xətdən arxada qalmalıdır.
Ziyarətlərdə selfi: edək ya etməyək?
Ziyarətlər zamanı selfi və canlı yayımların əleyhidarları mövqelərini belə əsaslandırırlar: hər bir əməl kimi, ziyarət də sırf Allaha xatir olmalıdır. Belə səfərlərdə çəkilən foto və videoların yayılması isə bunu şübhə altına alır, zəvvarların hərəkətlərinə riya və ücb elementləri sezilir.
Əks düşərgə isə, təbii ki, bu ittihamlarla razı deyil. Bəs haqq olan kimdir? Ümumiyyətlə, ziyarət boyu, müqəddəs məkanlarda şəkil çəkdirmək olar ya yox?
Öncə qeyd edək ki, bu əməl öz-özlüyündə günah sayılmaz və burda heç bir qəbahət yoxdur. Amma bir məqama diqqət yetirilməlidir: hər işdə olduğu kimi, bu məsələdə də niyyət böyük əhəmiyyət kəsb edir. Məsələn, İmam Hüseyn (ə) zəvvarı Kərbəlada hansı məqsədlə selfi edir? Heç bir tədqiqat aparmadan, heç bir sorğu keçirmədən tam əminliklə deyə bilərik: böyük əksəriyyətinin öyünmək, başqalarına acıq vermək, özünün böyük məqam sahibi olması ideyasını aşılamaq niyyəti yoxdur. Sözsüz ki, bəzi istisnalar mümkündür. Amma biz istisnalardan deyil, ümumi tendensiyadan bəhs edirik...
Məsciddə hansı əməllər haram, məkruh və müstəhəbdir?
Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək mömin şəxsə yaraşan bir əməldir!
1-Məsciddə haram olan işlər: -Məscidi qızılla zinətləndirmək. -Əgər məscid xarab olsa da belə onu satmaq...
2-Məscidlə bağlı müstəhəb olan işlər: -Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq. -Məscidin işığını yandırmaq...
3-Məsciddə bu işlər məkruhdur: -Minarələri məscidin banından artıq qaldırmaq. - Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək...
Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?
Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar. Məsələn, namaza başlamazdan əvvəl həyətdən bir az torpaq, qum gətirmək, canamazın üstünə təmiz parça ya kağız qoyub, həmin torpağı onun üstünə səpmək və üzərinə səcdə etmək mümkündür. Yaxud namazdan əvvəl balaca bir daş, kərpic qırığı, saxsı parçası tapıb, onun üzərinə səcdə etmək də olar. Əgər bunlar da mümkün olmasa, təmiz kağızın üzərinə də səcdə etməyə icazə verilir. Asfalt (qır) üzərinə də zərurət halında səcdə etmək icazəlidir. Bu da mümkün olmasa, insan öz paltarnın ətəyinə və ya paltarın qoluna alnını qoya bilər. Əlbəttə, bütün bunlar mərhələ ilə, yəni ondan əvvəlki material tapılmadığı halda keçərlidir.
Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?
İslaminSesi.info - Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?
Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik.