Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar?

Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsini necə açıqlamaq olar? Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur. Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir...



Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar?

Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar? Cavab: İnsanların bir-birinə rast gəlməsi onların öz iradəsi ilə də baş verə bilər, özlərindən asılı olmadan da baş tuta bilər. Bu mənada bir kəsin öz gələcək həyat yoldaşı ilə heç özünün xəbəri olmadan, təsadüf kimi görünən bir vəziyyətdə rastlaşması mümkündür. Lakin bu, onların məsuliyyətini qətiyyən azaltmaz. İnsanlar özlərindən asılı olmadan bir-birinə rast gəlsələr də, öz istəkləri əsasında ailə qurmalıdırlar. Bir-birinə rast gələn şəxslər ailə qurduqdan sonra uğursuzluqla üzləşsələr, bunun məsuliyyətini taledə və ya başqa adamlarda deyil, özlərində axtarmalıdırlar. Çünki ailə qurmazdan əvvəl yaxşıca düşünməli, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçməli idilər. Əksinə, əgər qurulan ailə uğurlu alınırsa, bunun da səbəbini özlərində görməli və düzgün qərar qəbul etmələrinə şərait yaratdığı üçün Allaha şükür etməlidirlər.



Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?

Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər? Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.



Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün?

Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün? Cavab: “Rum” surəsinin 11-ci ayəsində buyurulur: “Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yəni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.



Müsəlmanla mömin arasında nə kimi fərq var?

Müsəlmanla mömin arasında nə kimi fərq var? Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum ” deyə cavab verdi. (“Bəqərə”, 131) Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır. “Hucurat”/14-cü ayədə oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir. İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır. İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.



Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır?

Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır? ... Alimlərin tədqiqat qrupu Türkiyədə yerləşən Ağrı dağının 1400 metr yüksəkliyində taxta parçalarına rast gəlmişdilər ki, qədim bir gəminin parçaları olduğu sübut olunmuşdur. Bu taxta parçalarının yaşı miladdan əvvəl 2500-ci ilə təsadüf edir. Tədqiqatlar göstərir ki, bu gəminin uzunluğu 1019 metr və eni 118 metrdir. Bu tədqiqatlara görə belə görünür ki, Cudi dağı həmin Ağrı dağıdır. Hədislərin nəql etdiyinə görə, bu gəmi Allahın inayət ilə inşa edilmiş və yeddi təbəqədən ibarət olmuşdur. Çünki gəmiyə hər bir heyvandan bir cüt seçilib qoyulmuşdu. Gəmi təxminən 3500 cüt heyvanı özünə yerləşdirmişdi. Əgər bu gəmi Allah tərəfindən planlaşdırılmasaydı, bu qədər heyvanın və insanın gəmiyə sığması mümkünsüz olardı. Bu gəminin özü İlahi möcüzə idi. Mıxları paslanmır və taxtaları cürümürdü.



“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?

“Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi? Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, “bismillahı” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində “bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin “Müsnəd”ində də “bismillah” surə tərkibi sayılmışdır. (Müsnəd”, c. 3/177) “Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin “Mustədrək”ində deyilir: “Bir gün Müaviyə namazda “bismillah” demədi. Xalq ona etiraz edərək dedi: “Ayəni oğurladın, yoxsa yaddan çıxardın?” (Müstədrək”,3/233.) Məsum İmamlar israr etmişlər ki, namazda “bismillah” ucadan deyilsin. İm. Baqir (ə) namazda “bismillah” deməyənlər haqqında buyurmuşdur: “Quranın ən üstün ayəsini oğurladılar.” (“Bihar”, c.85/20.) Beyhəqinin “Sünən”ində bir hədisdə belə deyilir: “Nə üçün bəziləri “bismillah”ı surədən saymırlar? (“Sünəne-Beyhəqi”, c. 2/50.)...



Şəriət baxımından falçıya getmək olarmı?

Şəriət baxımından falçıya getmək olarmı? Sualda deyilir: “Camaatın bəzisi kimlərinsə arasında məhəbbət yaratmaq və kimlərinsə arasında kin-küdurət yaratmaq üçün və ya itən bir əşyanı tapmaq üçün dua yazana müraciət edir. Ondan istəyilər ki problemlərini həll etsin. Bu iş şəriətdə düzgündürmü?” Cavab: “ Adətən bu işlər digərlərinə zərər yetirməklə nəticələnir. Ona görə haramdır. Həmçinin sehrdən istifadə edib, kiminsə sirrini açmaq və digər fəsadlar törətmək haramdır. Hətta belə olmasa da bu işlər tövsiyə olunmur və onlardan uzaq durmaq lazımdır. Möminlər də preoblemlərin aradan qaldırılması və bəlaların gəlməməsi üçün Allah təvəkkül etməklə, məsumları vasitə qərar verməklə və habelə yalnız məsumlardan nəql edilən dualardan istifadə etməklə bunu edə bilərlər.”



Allah insanın ibadətinə möhtacdırmı?

Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.



Doğrudurmu ki, ölülər cümə günü azad edilir?

Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir. İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.” (“Üsuli-kafi”.)
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.” (“Üsuli-kafi”.)




Öncəki
Sonrakı