İslam Tarixində \"Hüzn ili” hansı hadisələrlə əlaqədardır?!


\"Hüzn ili”
Əzab-əziyyət, məşəqqətlərdən təzə xilas olmuş müsəlmanlar acı bir hadisə ilə üzləşdilər: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi Əbu Talib vəfat etdi. O, 42 il ərzində İslam Peyğəmbərini müdafiə edir, onu min bir xətadan qoruyurdu. Hətta Şeybi-Əbu Talibdə qalanda Peyğəmbəri qəfil hücumlardan qorumaq üçün oğlu Əli (əleyhissalam) ilə yerini dəyişərdi.


Və ya bir gün Əbu Talibin evində yığıncaqda Qüreyş ağsaqqallarından Əcəbə dedi ki, Peyğəmbərin çarəsi yalnız ona qarşı sui-qəsd etməkdir. Əbu Talib bu sözdən çox narahat oldu. Təsadüfən, o gün axşamdan xeyli keçməsinə baxmayaraq, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) evə gəlməmişdi. Əbu Talib fikirləşdi ki, ona sui-qəsd edilib. Təcili olaraq Bəni Haşimi silahlandırıb intiqam almaq üçün səfərbər etdi. Bu vaxt Zeyd ibni Harisə Peyğəmbərin salamatlığı xəbərini gətirib dedi ki, O, yəni Peyğəmbər təbliğatla məşğuldur. Bununla da Əbu Talib fikrindən daşındı.


Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.


Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.


Bu il tarixə \"Hüzn” ili kimi daxil oldu.
Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .