Aşura günü düşmən əhatəsində imamın günorta namazına durmasının səbəbi nə idi?


Cavab: Namaz dinin sütunu, Allahla bəndə arasında ən möhkəm bağlılıq vasitəsidir. Mömin öz namazı ilə tanınır. Namaz qılan şəxs namaz vasitəsi ilə Allaha doğru ucalır.
Namaz Allahla ünsiyyət yolu, Peyğəmbərin (s) ilk və son sifarişidir. O, namazı gözünün nuru adlandırır. Ən zəif namaz belə, insanla günah arasında səddir. Allah-taala buyurur: \"Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”

İmam Sadiqin (ə) yaxınlarından olan Müaviyə ibn Vəhəb İmamdan Allaha ən əziz əməl haqqında soruşduqda həzrət buyurur: \"Allahı tanıdıqdan sonra namazdan fəzilətli əməl bilmirəm.”
Əgər İmam Hüseynin inqilabının məqsədi dinin canlanması idisə və dinin də sütunu namazdırsa, nə üçün Kərbəla səhnəsində namaz qılınmamalıdır?! Həzrət Hüseyn (ə) və yaxınları düşmən oxları altında günorta namazına dururlar. Onlardan bir hissəsi namaz əsnasında qanına qəltan olub, şəhadət şərbətini içir. Hələ Aşura axşamı İmam və tərəfdarlarının ibadəti, münacatı, Quran tilavəti bəndəliyin ən gözəl nümayişi idi.
Siffeyn döyüşünün qaynar çağında həzrət Əlinin (ə) göyə baxdığını görən ibn Əbbas bunun səbəbini soruşur. İmam buyurur: \"Namaz vaxtını gözləyirəm.” İbn Əbbas \"belə bir vaxtda döyüşü dayandırıb namaz qıla bilmərik” deyir. Həzrət Əli (ə) buyurur: \"Biz onlarla namaza görə döyüşürük.”
Bəli, İmam Hüseynin (ə) qanlı Aşura səhnəsində namaza durması namaza etinasız müsəlmanlara ən ciddi xəbərdarlıqdır!

Kitabın adı: Şübhə doğuran suallar- Müəllif: Məhəmməd Turan


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .