Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?


Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər.


Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində \'\'Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük\'\' deyə qeyd etmişdir.


Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar. Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə oxumaqla, \'\'Haram aylarda özünüzə zülm etməyin\'\' ayəsini bu keçirilən mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura mərasiminin əziyyətindən qat-qat artıqdır.

Aşura mərasimi bizlərə Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: \'\'Ya Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər ağlayar.\'\' Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında söhbətlər edirlər.


Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət, bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid olan İmamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur. Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur. Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur. İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur.


Peyğəmbər(s) buyurur: \'\'Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!\'\' Bu hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz, Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir. İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan çıxarmamalıdırlar./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .