Sirat körpüsü və əməl tərəzisi islam maarifində necə izah olunur?!


Biz Qiyamət günündə Sirat körpüsünün və əməl tərəzisinin olacağına inanırıq.
Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qurani-kərim: \"Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (Nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!” (Məryəm, 71-72)

Sirat körpüsündən keçmək olduqca çətin və çox xətərlidir. Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır. Məşhur bir hədisdə oxuyuruq: \"Bəzi insanlar bu körpüdən ildırım kimi keçib gedərlər. Bəzi şəxslər isə sürətli atlar kimi, bir dəstə insanlar isə diz-dizi (iməkləyərək) Sirat körpüsündə irəliləyərlər. Bir qrup insanlar piyada kimi gedərlər. Digərləri isə Siratdan asılı olan halda onu keçmək istəyər və cəhənnəm alovu onları yalayaraq, bəzi bədən üzvlərini ağzına alar!”18

Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: \"Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!” Yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; \"Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!”

Bəli, bizim etiqadımıza əsasən Qiyamət günündə ancaq insanların yaxşı əməlləri onlara nicat verəcəkdir. Heç bir kəsin istəyi, arzusu və xəyalları onu, cəhənnəm əzabından qurtara bilməz. Hər kəsin aqibəti öz əməllərinə bağlıdır. Yalnız təqva və paklıq insana nicat bağışlayacaqdır. Qurani-kərim buyurur: \"Hər kəs (in aqibəti) öz əməllərinə bağlıdır!” (Muddəsir, 38)

Bütün bunlar \"Sirat” və \"Tərəzi” barəsində kiçik bir şərhlər idi. Əvvəldə işarə etdiyimiz kimi, Qiyamət gününün bəzi xırdalıqları bizə aydın olmasa da, onun yaşadığımız dünyadan daha üstün və təsəvvür edilməz olduğunu bilirik. Qiyamət günün bütün həqiqətləri bizim maddi dünyamızın xəyallarından daha ucadır.

Kitabın adı: Bizim dini əqidəmiz--Müəllif: Ayətullah Məkarim Şirazi\\\\ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .