Qurani Kərimin ayələrinə əsasən xanımın hansı vəzifələri vardır?!


1. Ərinə yaxşı həyat yoldaşı olmaq. “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

2. Ərinə itaət etmək. “Buna görə də ləyaqətli qadınlar itaətkardırlar”. (“Nisa” 34).

3. Özünü qorumaq və ərinin haqlarını qorumaq. “Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar”. (“Nisa” 34).

Qadın gərək namusunu naməhrəmdən qorusun. Əri yanında olmayanda, qadın kamil şəkildə özünü qorumalıdır. (Beytutə)


4. İslami hicaba riayət etmək. “Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün).

Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”. (“Əhzab” 59).

5. Gözlərini haram baxışlardan qorumaq. “Başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 31).

6. Naməhrəmlə söhbət etməyin düzgün tərzi. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

7. Cəmiyyət içində naməhrəmə qarışmamaq. “Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın”. (“Əhzab” 33)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .