İslam maarifinə əsasən Ədalətdən də üstün olan sifət nədir?!


Quranda üç cür ədalətdən, ehsandan və ikramdan söz açılmışdır. Ədalətin ümumi mənası bərabərlik deməkdir. Ona görə də tərəzinin iki gözünə ədil deyirlər. Daha çox yayılmış məna odur ki, ədalət – bir şeyin öz yerində olmasıdır. Bəzən belə görünür ki, ehsanın özü ədalətdən başqa bir şey deyildir. “Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı – Allahın onlara yaxşılıq etməsidir)”. (“Rəhman” 60).

Bu yaxşılıq və ehsanın özü də ədalətin nişanələrindən biridir. Çünki ədalət tələb edir ki, əgər tərəzinin bir gözündə yaxşılıq və ehsan dayanıbdırsa, gərək o biri gözündə də ona bərabər olan bir şey olsun.

Ancaq bunu qeyd etməliyik ki, ədalət hər iki tərəfi nəzərə almağına baxmayaraq, ehsan bir tərəflidir. Ona görə də kiməsə pislik edilərsə və qarşı tərəf onu bağışlayarsa – bu cür hala ehsan deyərlər.

Ehsandan üstünü isə ikramdır. İkram odur ki, ona pislik edən şəxsi nəinki bağışlayar, hələ bir onun pis əməlinə yaxşı əməllə cavab verər və fədakarlıq edər.

Dinimiz buyurur ki, müsəlmanlar arasındakı rabitə gərək ehsan həddində olsun. Həqiqi ehsan odur ki, insan başqalarına yaxşılıq edəndə onun cavabını gözləməsin. Əslində Allahın onu tərifləməsi ona kifayət edər.

Bunu qeyd etmək lazımdır ki, Allah insanı ibadət etmək üçün xəlq etmişdir. Ubudiyyət hədəfinə çatmaq üçün insanın təqvaya ehtiyacı olar. Ona görə də hər kim İlahi təqvaya malik olmaq istəyirsə, gərək iki asan yolu seçməlidir. Quranın nəzərinə görə bu iki yolun biri – ədalət və o birisi – ehsandır. Ona görə də Allah Quranın bir çox ayələrində insanları ədalətə və ehsana dəvət edir. Çünki məhz ədalətə riayət etmək və ehsan yolu ilə təqva əldə etmək olar. Hər kimin təqvası olar, ədalətli və ehsan əhlindən olar.

Beləliklə deyə bilərik ki, ədalət baxmayaraq ki, ən üstün fəzilətli sifətlərdəndir, ehsan və ikram ondan daha üstündür. Əgər ədalətdə tərəzinin iki gözün eyni olmalıdırsa, ehsanda belə deyildir. İnsan qarşı tərəfi bağışlayar və günahından keçər. İkram göstərib ona yaxşı əməllə cavab verər. Budur, həqiqi təqvanın nişanələri. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .