Böyük alim, ona qarşı kobudluq edənlə necə davrandı?


Şeyx Cəfər Kəbir Əhli-beytin (ə) məşhur mərcələrindən idi. Əhli-beyt (ə) fiqhi haqqındakı elmi dillər əzbəri idi. Bu cür əzəmətli bir şəxs Fitr bayramında namaza getməmişdən əvvəl fitrə zəkatını ehtiyacı olanlara paylayar və sonra namaza gedərdi. Bir dəfə Fitr namazından sonra bir nəfər Şeyxə yaxınlaşır və onun da ehtiyacı olan bir insan olduğunu və ona zəkatın çatmadığını söyləyir. Ona yardım etməsini istəyir. Şeyx deyir: “Mənə nə qədər zəkat veriblərsə, ehtiyacı olanlara paylamışam. İndi yanımda heç bir şey yoxdur”. Bu kişi çox narahat olur və deyir: “Yersiz yerə bu məqamda oturmusan. Get və qoy burada layiqli olan əyləşsin”. Bu mənzərəni görəndə Şeyx ayağa qalxır və əbasını çıxarıb, onu torba halına salır və deyir: “Mən bir nəfər ehtiyacı olanı tanıyıram ki, ona zəkat çatmamışdır. Hər kim nə bacarırsa kömək etsin”. Möminlərdən bir neçəsi qalxır və pul toplamaq istəyir, ancaq Şeyx icazə vermir və bu işi özü görmək istəyir. Əba pulla dolur və həmin kişiyə yaxınlaşıb deyir: “Qardaş, abrını qorumaq üçün evimə gəl və əbanı apar”.

Bəli, bu rəftar ancaq ayıq qəlbə malik olan insanlara aid bir rəftardır. Əgər Şeyx istəsəydi bu tərbiyəsiz insana dərs versin, abrını aparsın, birinci cərgədə olan möminləri bu məsələyə qarışdırardı. Ya da elə möminlərin içərisində abrını aparardı. Ancaq görür ki, bu kişinin vəziyyəti elədir ki, bıçaq boğaza dayanmışdır.

Ona görə də ona haqq verir və başqa tərəfdən də Allahın bu kəlamını xatırlayır: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama)”. (“Əraf” 199).

“(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

Əgər Şeyx belə rəftar etməsəydi, bir nəfəri həmişəlik olaraq, namazdan, zəkatdan, mərcəyi-təqliddən uzaqlaşdırmış olardı. Ancaq elə bir iş görür ki, həm həmin kişiyə dərs verir və həm də möminlər üçün örnək olur. Bu ayələr haqqında biz də düşünək və ayıq qəlbə malik olaq./ Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .