Həqiqi ziyankarlardan olmamaq üçün nə lazımdır?


İnsan Allah ilə bir çox əhd bağlamışdır: tövhid, Allahı tanımaq, şeytana və nəfsinə itaət etməmək kimi. Ancaq fasiqlər – Allahla bağladıqları bütün bu əhdlərin hamısını pozandırlar. Onlar Allaha itaətsizlik edib, şeytana (lən) təslim olanlardır. Ona görə də həqiqi ziyankarlar da məhz onlardır.

“Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).

Bu, həqiqətdir ki, insan zərr dünyasından bu aləmə gələn zaman həmin əhdləri unudur, ancaq fitrəti və insan təbiəti bu əhdləri unuda bilməz. Çünki insanın batininə qoyulmuş bir hissdir ki, onu doğru yola hidayət edər. Ona şeytana itaət etməməyi əmr edər.

Allah Təala bu əhd haqqında Quranda buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!». Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!”. Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!”. (“Yasin” 60-62).

Bu ayə həmin tövhid fitrətinə işarə edir ki, insanı kamala çatdıracaqdır. Əmirəl-möminin (ə) buyurur: “Allah peyğəmbərlərini (ə) bir-birinin ardınca insanlara tərəf göndərdi ki, onlardan fitri əhdlərinə əməl etməsini istəsinlər”.

Allah insana çox sayda nemət verir. Ancaq verdiyi bu nemətlərin hər birinin öz hədəfi vardır. Göz – həqiqətləri görmək üçündür, qulaq – həqiqətləri eşitmək üçündür, dil – həqiqətləri demək üçündür, qəlb – həqiqətləri həyata keçirtməkdə bədənə yardım etmək üçündür. Əgər insan bu nemətlərdən öz hədəfi yolunda istifadə etməzsə, o zaman ziyankarlardan olar və əhdini pozar.

Fasiqlərin başqa bir nişanəsi yer üzündə fəsad törətməkləridir. “O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar”. (“Şüəra” 152).

Çünki bu insanlar Allahı unudublar, Ona itaətsizlik ediblər, hətta yaxınlarına belə rəhm etmirlər. Öz ləzzət və mənfəətləri üçün yer üzündə fəsad törədir və rəzil hədəflərini həyata keçirirlər. Hədəfləri bu dünyadan bacardıqları qədər çox faydalanmaqdır. Ona görə də bu yolda heç kəsə rəhm etmir və heç bir günahdan çəkinmirlər. (Həvzəh)

Bəli, onlardır həqiqi ziyankarlar. Çünki onlar axirətlərini dünyalarına satıblar. Fani olan dünyanı, əbədi olan dünyadan üstün hesab edirlər.
Ali qüvvəyə malik olan Qadir Allah yerinə, Onun behiştindən qovulmuş və insanlığın qatı düşməni olan şeytana (lən) itaət edir və təslim olurlar.

bu insanları xüsrandan başqa bir şey gözləmir.
Beləliklə, ziyankarlardan olmamaq üçün, insan öz fitrətinə uyğun yaşamalıdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .