Hansı əməl sahibləri daxillərindən od püskürərlər?!


Sübhan Allah Quranda buyurur: «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (“Cinn” 15).
Bu ayədə “qasitun” sözü kimlərə aid edilir?

“Qasitun” sözünün mənası “zülm və əziyyət” deməkdir. Bu söz - ədalət sözünün antonimidir. Yəni, zalımlar cəhənnəm atəşinin odunu olacaqlar.
Qurani-Kərim bəzi insanlardan bəhs edən zaman buyurur ki, bu insanların özləri daxildən atəş istehsal edərlər. Onlar kafirlərin rəhbərləridir.

Allah Təala onların haqqında buyurur: “Və əgər (belə bir işi) etməsəniz – heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin”. (“Bəqərə” 24).

Başqa ayəsində isə buyurur: “O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)”. (“Huməzə” 6-7).

Allah Təala bu dünyaya gətirdiyi heç bir bəndəsini cəhənnəm atəşinin odunu olsun deyə xəlq etməmişdir. Bütün bəndələr dünyaya gələn zaman pak və təmiz olurlar. Yedikləri yemək, aldıqları tərbiyə, baxdıqları şeylər, getdikləri yer, eşitdikləri şeylər onların ruhuna təsir edər və günaha bulaşdırar. Əgər insan ruhu nalayiq əməllər ilə çirklənməzsə, varlıq aləminin bir çox sirlərini özündə əks etdirər.

Sübhan Allah bizə buyurmuşdur: “Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. (“Bəqərə” 18).

Əgər insan, fitrətinin paklığını qoruya bilsə və nalayiq əməllər yerinə yetirməzsə, o zaman kamala çatar və Allaha yaxınlaşar. İnsanı cəhənnəm oduna çevirən amillərin bəzisi bunlardır: haram tikə, batil fikir, başqalarına quyu qazmaq, söyüş söymək, başqalarının hissləri ilə oynamaq və onları təhqir etmək, haram baxışlar, qeybət, töhmət, böhtan, zülm...

Əgər biz də cəhənnəm atəşinin odunu olmaq istəmiriksə, gərək hər gün nəfsimizi hesaba çəkək. Daxilimizdən xəbərimiz olsun. Əgər insan istəsə, bütün yuxarıda adını çəkdiyimiz rəzil sifətləri islah edə bilər – sadəcə istəməsi və bu sahədə səy göstərməsi, Allahdan yardım istəməsi kifayətdir.
Çünki biz bu dünyaya behiştə getmək üçün gəlmişik, niyə özümüzü bədbəxt edib, cəhənnəmin atəşinin odununa çevrilək ki?!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .