Təqva nədir?


Cavab: Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mə´nasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə) buyurur: «Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır».
Bə´ziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. «Təqva kiçik və böyük günahlardan uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdur: «Təqva bütün bağlı qapıların açarı, axirət ehtiyatı, şeytana nökərlik və bəlalardan qurtuluş yoludur» .
Onu da qeyd edək ki, təqva müxtəlif sahələri əhatə edir. İnsanın iqtisadi, cinsi, ictimai, siyasi məsələlərdə təqvalı olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala yetişməsinin zəruri şərtidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .