Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”. İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”.
Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”./Deyerler.


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar!


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:
- Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq.
- Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.
- Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.
- Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır.
- Alçaqlıq, xəsislik və insanlıqdan uzaq olmaq nədir? - Nəfsin əsiri olmaq, yalnız onun üçün çalışmaq və malı bu yolda xərcləməkdir.


Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?


Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə məsumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”...


İmam Huseynin vəfalı qardaşı Həzrət Abbasa (ə) niyə səqqa dedilər?


Xarəzmi nəql edir: “Suzuzuq İmam Hüseyn (ə) və səhabələrini əldən salan zaman qardaşı Abbası 30 atlı, 20 piyada və 20 tuluq ilə su dalınca göndərdi. Suya yaxınlaşan zaman Ömər ibni Həccac dedi: “Kimsiniz?”. Nafə ibni Həlal dedi: “Mən sənin əmin oğlunam və İmam Hüseynin (ə) yaxınlarındanam. Gəlmişəm bu sudan içəm”. Dedi: “İç”. Nafə dedi: “Mən necə su içim ki, Hüseyn (ə) və yoldaşları susuzluqdan ölürlər?”. Dedi: “Düz deyirsən, ancaq biz məmur edilmişik və vəzifəmizi yerinə yetirməkdən başqa çarəmiz yoxdur”. Nafə yanındakıları çağırdı və Fərata daxil oldular. Ömər də əsgərləri çağırdı ki, onlara mane olsunlar. Hər iki dəstə arasında dava oldu və İmam Hüseynin (ə) səhabələrindən bir dəstə vuruşur və bir dəstə isə tuluqları doldururdular. Tuluqların hamısı doldu və düşmən tərəfdən bir neçə nəfər öldürüldü, ancaq İmamın (ə) ordusundan heç kəs öldürülmədi. Bu insanlar tuluqları götürüb ordugaha qayıtdılar. İmam Hüseyn (ə) və yoldaşları su içdilər və Abbası səqqa (su ilə təmin edən) adlandırdılar”.


İmam Huseynin (ə) kəsilmiş başı Aşura gunu Qurandan hansı ayəni oxudu?!


Zeyid ibni Ərqəm nəql edir: “O gün ki, şəhidlərin başını küçələrdə gəzdirirdilər, mən bir evin qarşısında əyləşmişdim. İmam Hüseynin (ə) mübarək başını mənim yanımdan aparanda, gördüm ki, İmam Hüseynin (ə) kəsilmiş başı bu ayəni tilavət edirdi: “Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən?”. (“Kəhf” 9).
Mən bu ayəni eşidən zaman dedim: “Allaha and olsun ki, ey Peyğəmbər (s) övladı! Sizin kəsilmiş başınız Kəhf səhabələrinin başına gələndən daha heyrətləndiricidir”.
Məhrum Şeyx Cəfər Şuştəri bu hadisə ilə bağlı buyurur: “Belə görünür ki, bu kərim ayənin tilavətində inayət vardır və bu pak baş ona görə də həmin ayəni qiraət edirmiş”.
İmam (ə) bu ayəni tilavət edərək istəyirdi ki, özünün və tərəfdaşlarının əməllərini yada salsın və həmin ayənin aydın nümunələri olduğunu bəyan etsin.


İmam Səccadın (ə) Kərbəladan sonra hansı iki hədəfi nəzərdə tutmuşdu?!


İmam Səccadın (ə) Kərbəladan sonra iki mühüm hədəfi:
- İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.
-İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.


Hz Zeynəb (ə) İmam Hüseynə (ə) aşura müsibəti haqda hansı sualları verdi?!


Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları!
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibətiniz Həzrət İbrahimin (ə) müsibəti ilə müqayisədə necədir?”.
İmam (ə) buyurur: “Bacı! Atəş İbrahim (ə) üçün gülüstana çevrildi, ancaq mənim döyüş atəşim yandıracaqdır”.
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət böyükdür, yoxsa Həzrət Zəkəriyyənin (ə) müsibəti?”.
İmam (ə) buyurur: “Bacı! Zəkəriyyəni (ə) dəfn etdilər, ancaq mənim bədənimi atların ayaqları altında qərar verəcəklər”...


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir?


Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın İmam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır. Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi. O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu: «Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. İradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun. Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».


Əhli-Beytə (ə) münasibətdə ifrat və təfrit izahı nədir?


İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-Beyt (ə) ardıcıllarının nadanları və az ağıllı olanları və o kəslər ki, ağcaqanadın qanadı onların dindarlığından daha möhkəm və daha üstündür – bizə əziyyət verərlər”. Hədisin şərhi. Bu sözlər Muhəmməd ibn Əli ibn Həlala yazılmış məktubdandır. İmam (ə.f) bu məktubda azğın firqə olan Ğulatlara işarə etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamları (ə) olduqları kimi tanısınlar. Nə onları adi insanların həddində aşağı salsınlar və nə də qüdrətdə Allaha şərik etsinlər.
Hədislərimizin bir çoxunda İmamların (ə) risalətinin hədəfləri aydın şəkildə bəyan edilmişdir. Onlara müraciət edərək, İmamlarla (ə) bağlı təfəkkürümüzü dəyişdirməliyik.
Ğulatların (İmamları (ə) qüdrət baxımından Allaha yaxın tutan azğın firqə) etiqadı o qədər yanlışdır ki, müxalifləri ona görə Əhli-Beyt (ə) məktəbini təkfir etdilər. Hətta onların bir dəstəsini vacibul-qətl elan etdilər.


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək ki, hədislərdə gələn savaba çataq


Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.
Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?
Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .